İDMAN
Belçikanın “Audi Club” komandasının pilotu Laurens Vantur “Audi R8” avtomobilində “Baku World Challenge” avtorallisinin qalibi olmuşdur [YENİLƏNİB] VİDEO
Bakı, 24 noyabr (AZƏRTAC). Noyabrın 24-də “FİA GT Series”in final mərhələsi - “Baku World Challenge” avtorallisi keçirilmişdir.
AZƏRTAC xəbər verir ki, gərgin mübarizə şəraitində davam edən yarışın yekunlarına əsasən, finişə birinci çatan Belçikanın “Audi Club” komandasının pilotu Laurens Vantur “Audi R8” avtomobilində qalib olmuşdur. Fransanın “Hexis Racing” komandasının pilotu Kevin Estre “McLaren” avtomobilində finişə ikinci çatmışdır. Almaniyanın “HTP Gravity Charouz” komandasının pilotu Alon Day isə üçüncü nəticə göstərmişdir.
Dövlət Bayraq Meydanında qaliblərin təntənəli mükafatlandırılması mərasimi keçirilmişdir. Qaliblərə kubok və pul mükafatları təqdim olunmuşdur.
Birinci yerin sahibi 100 min, ikinci yeri tutan 50 min, üçüncü nəticə göstərən idmançı isə 25 min avro qazanmışdır.
Avtoralli Bakıda uzunluğu 4 kilometr olan, Dövlət Bayraq Meydanından dəniz sahili boyu xüsusi hazırlanmış yolda keçirilmişdir. Yarışda 14 beynəlxalq komanda və 30 yarış avtomobili iştirak etmişdir.