SİYASƏT
Belçikanın “EurActiv” xəbər portalı Azərbaycan səfirinin müsahibəsini yayıb
Brüssel, 6 mart, AZƏRTAC
Belçikanın geniş oxucu kütləsinə malik olan “EurActiv” xəbər portalı Azərbaycanın bu ölkədəki səfiri Fuad İsgəndərovun müsahibəsini yayıb.
Səfir Azərbaycanda beynəlxalq əhəmiyyətli tədbirlərin keçirilməsi ərəfəsində ölkəmizin bir sıra qeyri-hökumət təşkilatlarının “hesabat”larında haqsız olaraq hədəfə çevrilməsi və dünya ictimaiyyətində Azərbaycanın imici ilə bağlı mənfi rəy yaratmaq cəhdləri barədə danışıb, bu “hesabat”ların qərəzliliyini diqqətə çatdırıb.
Diplomat həmin QHT-lərin öz “hesabatları”nda istintaq prosesi yekunlaşmamış 5-6 iş barədə söz açdıqlarını, lakin bütün hüquqları pozulmuş, öz yurd-yuvalarından didərgin düşmüş bir milyon qaçqın və məcburi köçkünün hüquqlarına biganəlik nümayiş etdirilməsini qeyri-səmimi və qeyri-inandırıcı hesab etdiyini bildirib.
Səfir, eyni zamanda, Avropa İttifaqı qurumları tərəfindən Şərq Tərəfdaşlığı ölkələrində baş verən oxşar proseslərə fərqli yanaşmanın yolverilməzliyini vurğulayıb.
Fuad İsgəndərov Cənub Qaz Dəhlizinin Avropa üçün əhəmiyyətindən bəhs edərək, bir sıra ölkələrdən fərqli olaraq, Azərbaycanın Avropaya öz problemləri ilə deyil, çoxmilyardlı bir layihə ilə gəldiyini söyləyib.
Diplomat uğurlu siyasi dialoqun yaradılması üçün dayanıqlı iqtisadi əlaqələrin qurulmasının qaçılmaz olduğunu qeyd edib, Azərbaycanın Avropa İttifaqı ilə bərabərhüquqlu, gələcəyə istiqamətlənmiş və strateji tərəfdaşlıq sazişinə əsaslanan əlaqələrə dair praqmatik bir yanaşma nümayiş etdirdiyini bildirib.
Vüqar Seyidov
AZƏRTAC-ın xüsusi müxbiri
Brüssel