REGİONLAR
“Bələdiyyə orqanlarında qanunvericiliyin tətbiqi ilə bağlı görülən işlər” mövzusunda seminar-müşavirə keçirilib
Naxçıvan, 13 iyul, AZƏRTAC
Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyi Naxçıvan şəhərində bələdiyyə nümayəndələrinin iştirakı ilə seminar-müşavirə keçirib.
AZƏRTAC xəbər verir ki, tədbiri Naxçıvan Şəhər İcra Hakimiyyətinin başçısı Vüqar Səfərov açaraq, bələdiyyələrin normativ-hüquqi təminat bazasının müasir dövrün tələbləri səviyyəsində formalaşdırıldığını bildirib.
Seminar-müşavirədə Naxçıvan Muxtar Respublikasının ədliyyə naziri, II dərəcəli dövlət ədliyyə müşaviri Suliddin Əliyev məruzə edərək bildirib ki, yerli əhəmiyyətli məsələlərin həllində artıq bələdiyyələrin konkret iş görmək təcrübələri və özlərinə inamları güclənib. Ədliyyə Nazirliyi tərəfindən mütəmadi olaraq bələdiyyə sədrlərinin və bələdiyyə qulluqçularının iştirakı ilə şəhər və rayonlarımızda maarifləndirici tədbirlər – seminar-müşavirələr keçirilir. Bələdiyyə orqanlarına qanunvericiliyin tələblərindən irəli gələn vəzifələrin düzgün yerinə yetirilməsi üçün “Yerli vergi və ödənişlərin yığılması, əmlak vergisinin hesablanması, subvensiyaların alınması və digər məsələlərlə bağlı qəbul edilmiş yeni qanunlara dair”, “Torpaq sahələrinin zəbt edilməsi halları ilə mübarizə aparılması üçün tədbirlər görülməsi barədə”, “Bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin təyinatına uyğun idarə edilməsi barədə” və sair mövzularda son 3 ildə 17-yə yaxın metodik vəsait hazırlanaraq göndərilib. Eləcə də onlar bələdiyyə fəaliyyəti ilə bağlı ədəbiyyatlarla təmin ediliblər.
Bələdiyyə torpaqlarından səmərəli istifadə olunmasının xüsusilə diqqət mərkəzində saxlanıldığını bildirən Suliddin Əliyev qeyd edib ki, bu gün bələdiyyə mülkiyyətində olan torpaqlar Azərbaycan Respublikasının torpaq qanunvericiliyinə, “Bələdiyyə əraziləri və torpaqları haqqında” Azərbaycan Respublikasının Qanununa və torpaq münasibətlərini tənzimləyən digər normativ-hüquqi aktlara uyğun olaraq mülkiyyətə və ya icarəyə verilir. İcarəyə verilməklə bağlı müqavilələrin bağlanması zamanı qanunun tələblərinə əməl olunmalıdır.
Sonda buraxılan nöqsanların aradan qaldırılması ilə bağlı müzakirələr aparılıb, bələdiyyə nümayəndələrinin sualları cavablandırılıb, seminar-müşavirə iştirakçılarına “Yerli özünüidarə ilə bağlı hüquqi aktlar toplusu” və “Bələdiyyələrin maliyyə hesabatlarının tərtibinə dair məsələlər toplusu” adlı maarifləndirici vəsaitlər təqdim olunub.