REGİONLAR
Bələdiyyə seçkilərində Yeni Azərbaycan Partiyasının qələbə qazanacağına əminlik ifadə olunub
Mingəçevir, 18 dekabr, AZƏRTAC
Yeni Azərbaycan Partiyasının (YAP) Mingəçevir şəhər təşkilatı bələdiyyə seçkilərinin təbliğat-təşviqat kampaniyası çərçivəsində tədbir keçirib.
AZƏRTAC xəbər verir ki, görüşdə Milli Məclisin deputatları, Yeni Azərbaycan Partiyası Mərkəzi Aparatının məsul işçiləri, bələdiyyə üzvlüyünə namizədliyi irəli sürülən partiya üzvləri iştirak ediblər.
Təşviqat xarakterli görüşdə çıxış edən şəhər təşkilatının sədri, YAP Mərkəzi Seçki Qərargahının Mingəçevir şəhər şöbəsinin rəhbəri Cavanşir Yusubov və başqaları dekabrın 23-də ölkəmizdə keçiriləcək növbəti bələdiyyə seçkilərinə hazırlıq işlərindən danışıblar. Bildirilib ki, Yeni Azərbaycan Partiyası Mingəçevir şəhər təşkilatının seçki qərargahı və təbliğat qrupları təbliğat-təşviqat kampaniyasını uğurla davam etdirirlər. Yeni Azərbaycan Partiyasının xətti ilə Mingəçevir bələdiyyəsi üzrə 19 nəfər namizəd qeydə alınıb. Natiqlər qarşıdan gələn bələdiyyə seçkilərində Yeni Azərbaycan Partiyasının qələbə qazanacağına əminliklərini ifadə ediblər.
Tədbirdə Seçki Məcəlləsinə uyğun olaraq aparılan təbliğat-təşviqat işlərinin istiqaməti haqqında məlumat verilib.
Milli Məclisin deputatları Tahir Rzayev və İlham Məmmədov görüşdə çıxış edərək bildiriblər ki, son illər ölkəmizdə aparılan islahatlar, regionların sosial-iqtisadi inkişafı ilə bağlı reallaşdırılan Dövlət proqramları, genişmiqyaslı və çoxsaylı sosialyönümlü layihələr, əhalinin rifahının yüksəldilməsi naminə atılan müsbət addımlar Azərbaycanı qüdrətli dövlətə çevirib. Bu uğurların qazanılmasında partiya üzvlərinin əməyini yüksək qiymətləndirən natiqlər ötən müddətdə onların təmsil olunduqları bələdiyyələrin istər ölkəmizin inkişafı, istərsə də əhalinin həyat şəraitinin yaxşılaşdırılması istiqamətində həyata keçirdikləri uğurlu işləri diqqətə çatdırıblar.
Yeni Azərbaycan Partiyasının namizədləri ötən 5 ildə YAP-ı təmsil edən bələdiyyə üzvlərinin xalqın etimadını layiqincə doğrultduqlarını söyləyiblər. Onlar növbəti bələdiyyə seçkilərində də seçicilərin YAP-ın namizədlərinə səs verməklə, ölkəmizin inkişafına töhfələrini daha da artıracaqlarına ümid etdiklərini bildiriblər.