CƏMİYYƏT
Bələdiyyə seçkilərində namizədliyi YAP tərəfindən irəli sürülmüş gənclərlə görüş keçirilib
Bakı, 18 dekabr, Samirə Allahverdiyeva, AZƏRTAC
Dekabrın 18-də Yeni Azərbaycan Partiyası (YAP) Səbail rayon təşkilatında qarşıdan gələn bələdiyyə seçkilərində iştirak etmək üçün partiya tərəfindən namizədliyi irəli sürülmüş gənclərlə görüş keçirilib.
AZƏRTAC xəbər verir ki, YAP Səbail rayon təşkilatının sədr müavini Muxtar Nağıyev görüşdə bələdiyyələrin funksiyaları barədə danışıb. O, bələdiyyələrin dövlət mexanizminin ayrılmaz tərkib hissəsi olduğunu, bələdiyyə strukturlarının Avropa ölkələrinin idarəetmə sistemində geniş təcrübəyə və böyük nüfuza malik olduğunu qeyd edib.
Sədr müavini Səbaildən seçkilərdə iştirak edən 41 namizədin 15-nin qadın, 22-nin isə gənclərdən ibarət olduğunu söyləyib.
YAP Səbail rayon təşkilatı Gənclər Birliyinin sədri Rəşad Fərəcov Azərbaycan Prezidentinin gənclərə göstərdiyi diqqət və qayğıdan danışıb. Qeyd edilib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkədə dövlət gənclər siyasətinin uğurla tətbiq olunması bu sahənin YAP tərəfindən hər zaman prioritet istiqamətlərdən biri kimi diqqətdə saxlanılması ilə müşayiət edilir.
Milli Məclisin deputatı Leyla Abdullayeva deyib ki, YAP cəmiyyətin aparıcı siyasi qüvvəsi olaraq hər zaman gənclərin problemlərinə həssaslıqla yanaşır, onlarla işi günün tələbləri səviyyəsində qurmağa səy göstərir. Qeyd edilib ki, bu gün Azərbaycanda uğurla həyata keçirilən dövlət gənclər siyasəti gənc nəslin ölkə həyatında fəal iştirakına, onların intellektual inkişafına və potensiallarının artırılmasına əsaslı zəmin yaradıb. O əmin olduğunu vurğulayıb ki, partiyanın irəli sürdüyü gənc namizədlər öz fəaliyyətləri ilə bu etimadı doğruldacaqlar.
YAP Suraxanı rayon təşkilatı Qadınlar Şurasının sədri Zəkiyyə Musayeva və YAP Gənclər Birliyinin beynəlxalq məsələlər üzrə koordinatoru Aytən Hüseynova qarşıdan gələn bələdiyyə seçkilərinin ilk dəfə səs verəcək gənclərin həyatında mühüm hadisə olacağını qeyd ediblər.