REGİONLAR
Bələdiyyə seçkilərində qadınların təmsilçiliyi prioritet məsələlərdəndir VİDEO
AZƏRTAC xəbər verir ki, toplantı iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edərək, önünə tər güllər düzüblər.
Heydər Əliyev Mərkəzində Yeni Azərbaycan Partiyasının Quba, Qusar, Xaçmaz, Şabran, Siyəzən və Xızı rayonlarından olan qadın üzvlərinin iştirakı ilə keçirilən tədbirdə qarşıdakı bələdiyyə seçkilərində qadınların fəal iştirakının təmin edilməsi əsas müzakirə mövzusu olub. Görüşdə bələdiyyə seçkiləri ilə yanaşı, şuranın, ümumilikdə, gələcək fəaliyyət istiqamətlərinin müəyyənləşdirilməsi, qarşıda duran vəzifələr ətrafında səmərəli fikir mübadiləsi aparılıb.
Tədbirdə çıxış edən YAP Qadınlar Şurasının sədri Nurlana Əliyeva bildirib ki, bələdiyyə seçkilərində qadınların təmsilçiliyi qarşıda duran prioritet məsələlərdəndir. Diqqətə çatdırılıb ki, hazırda YAP üzvlərinin 40 faizdən çoxu qadınlardır. Hazırkı bələdiyyə üzvlərinin isə təxminən 30 faizini qadınlar təşkil edir. Halbuki ilk bələdiyyə seçkilərində bu göstərici olduqca aşağı idi. Aparılan məqsədyönlü dövlət siyasəti nəticəsində, ötən müddət ərzində Azərbaycanda qadınların müxtəlif idarəetmə strukturlarında təmsilçiliyi müsbət istiqamətdə dəyişib. Bu gün Azərbaycan qadını ictimai-siyasi proseslərdə fəal iştirak edir, xüsusilə dövlət idarəçiliyində geniş təmsil olunur.
Qeyd edilib ki, belə bir şəraitdə qadınların bələdiyyələrdə təmsilçiliyi məsələsi də günün tələbi kimi meydana çıxır. Bələdiyyələr daha çox əhalinin sosial məsələləri ilə məşğul olan qurumdur. Bu baxımdan qadınların yerli özünüidarəetmə orqanlarında təmsilçiliyi ana şəfqəti, ana diqqəti, ana ədalətinin bu quruma gətirilməsi deməkdir.
Tədbirdə qeyd olunub ki, Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın fəaliyyəti bu gün qadınlarımız üçün əsl nümunədir.
Tədbirdə çıxış edən YAP Qadınlar Şurasının İdarə Heyətinin üzvü Zərifə Quliyeva və digər partiya üzvləri də qadınları qarşıdan gələn bələdiyyə seçkilərində fəal iştirak etməyə çağırıblar.
Regional görüşdə gender bərabərliyi, erkən nikahlar, hərbi vətənpərvərlik və digər mövzularda da müzakirələr aparılıb.