REGİONLAR
Bələdiyyə seçkilərinə hazırlıq işləri başa çatıb
Zərdab, 18 dekabr, AZƏRTAC
92 saylı Zərdab-Ucar seçki dairəsi dairə seçki komissiyasının tərkibinə daxil olan seçki məntəqələrində dekabrın 23-də keçiriləcək bələdiyyə seçkilərinə ciddi hazırlıq görülür.
Dairə seçki komissiyasının sədri İsmayıl Əhmədov AZƏRTAC-a bildirib ki, dairənin tərkibinə daxil olan 48 məntəqənin hamısı əvvəlcədən tam təmir edilib, lazımi inventar və avadanlıqlarla, o cümlədən generatorla, kassalarla, daşınmaz və daşınan səsvermə qutuları ilə tam təchiz olunub.
Məntəqələrin 8-də, o cümlədən 1, 2, 3, 4, 5 saylı şəhər, 15 saylı Qoruqbağı, 17 saylı Məmmədqasımlı və 23 saylı Gəlmə seçki məntəqələrində veb-kameralar quraşdırılıb.
Mərkəzi Seçki Komissiyası tərəfindən çap olunan seçici siyahıları artıq məntəqələrdəki xüsusi lövhələrdə yerləşdirilib. Siyahılara əsasən, dairə üzrə 40105 nəfər seçici vardır ki, onlardan da 1400 nəfəri ilk dəfə səs verənlərdir. Dairənin əhatə etdiyi yaşayış məntəqələrində 11 nəfər 100 yaşdan yuxarı seçici vardır.
Artıq səsvermə ilə əlaqədar bildirişlərin paylanması başa çatdırılıb və seçki bülletenləri gətirilib. Təlimata uyğun olaraq bülletenlər səsverməyə 3 gün qalanadək məntəqələrə paylanılacaqdır.
Qeyd edək ki, hər yerdə olduğu kimi, 92 saylı Zərdab-Ucar seçki dairəsi dairə seçki komissiyasında da məntəqə üzvləri üçün treninqlər keçirilib, səsvermə günü görüləcək işlər təlimata uyğun olaraq onlara ətraflı izah edilib.