CƏMİYYƏT
Bələdiyyələr arasında Ulu Öndərin xatirəsinə həsr edilən yoldaşlıq görüşü keçirilib
Bakı, 4 may, AZƏRTAC
Müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu ümummilli lider Heydər Əliyevin anadan olmasının 93-cü ildönümü münasibətilə Nizami rayonunda keçirilən silsilə tədbirlər davam etdirilir. Mayın 4-də Nizami bələdiyyəsi ilə Keşlə bələdiyyəsi arasında futbol üzrə yoldaşlıq görüşü keçirilib.
Görüşdən öncə çıxış edən Nizami və Keşlə bələdiyyələrinin sədrləri Vüqar Quliyev, Ələmdar Bafadarov və başqaları bildiriblər ki, həyatını xalqımızın, dövlətimizin inkişafına, tərəqqisinə həsr edən Ulu Öndər ölkəmizə rəhbərlik etdiyi bütün dövrlərdə Azərbaycanın milli maraqlarını daim uca tutub. Ümummilli Lider Azərbaycan dövlətinin, xalqının mənafeyi və bütövlüyü uğrunda, müstəqilliyimizin möhkəmləndirilməsi, dövlətçiliyimizin inkişafı, demokratiyanın genişləndirilməsi, xalqın rifah halının daha da yaxşılaşdırılması üçün fədakarlıqla çalışıb.
Qeyd edilib ki, bütün mənalı həyatını xalqına həsr edən Heydər Əliyevin siyasi və dövlət xadimi kimi zəngin fəaliyyəti Azərbaycan xalqının tarixində dərin iz buraxaraq əsl dövlət idarəçiliyi məktəbinə çevrilib. Azərbaycan xalqının hələ neçə-neçə nəsli bu böyük məktəbdən, ulu öndər Heydər Əliyevin zəngin siyasi irsindən ölkəmizin inkişafı, xalqımızın rifahı naminə faydalanacaq.
Sonra yoldaşlıq görüşünə start verilib.