MƏDƏNİYYƏT
Belqradda gənc azərbaycanlı rəssamın fərdi sərgisi açılıb
Bakı, 3 iyul, AZƏRTAC
Gənc azərbaycanlı rəssam Çingiz Mehbaliyevin Serbiyanın paytaxtı Belqrad şəhərində “İkinci addım” adlı fərdi rəsm sərgisi açılıb.
Diasporla İş üzrə Dövlət Komitəsindən AZƏRTAC-a bildiriblər ki, məşhur serb rəssamı və yazıçısı Djura Yakşiçin ev muzeyində keçirilən sərgidə Ç.Mehbaliyevin realizm, sürrealizm üslubunda çəkilən və müxtəlif mövzuları əhatə edən rəngkarlıq, qrafika əsərləri nümayiş etdirilir.
Dörd gün davam edəcək sərgidə təqdim olunan bəzi rəsmlər ilk dəfədir ki, açıq sərgi salonunda nümayiş olunur. “Hacı Zeynalabdin Tağıyev şollar su kəmərinin çəkilişində”, “Qarabağdan buket”, “Uzaqlaşan gələcək”, “Uçan xalça” belə rəsmlərdəndir.
Sərginin açılışında Azərbaycanın Serbiyadakı səfirliyinin, bu ölkədə fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Evinin, diasporumuzun nümayəndələri, incəsənət xadimləri, iş adamları iştirak ediblər.
Azərbaycanlı rəssamın bundan öncəki sərgisi 2013-cü ildə Macarıstanın paytaxtı Budapeştdə təşkil olunub.