SİYASƏT
Belqradda təşkil edilən tədbirdə Azərbaycanın ötən 25 ildə keçdiyi inkişaf yolundan danışılıb
Belqrad, 18 oktyabr, AZƏRTAC
Azərbaycanın Serbiyadakı səfirliyinin ölkəmizin müstəqilliyinin bərpasının 25-ci ildönümü ilə əlaqədar keçirdiyi tədbirdə Belqradda fəaliyyət göstərən Serbiya-Azərbaycan Ticarət Palatasının, Azərbaycan Mədəniyyət Mərkəzinin və Serbiya-Azərbaycan Dostluq Cəmiyyətinin rəhbərliyi və üzvləri, bu ölkədə yaşayan və təhsil alan azərbaycanlılar, ictimaiyyət nümayəndələri iştirak ediblər.
Səfirliyin müşaviri C.Məcidov tədbirdə çıxış edərək xalqımızın müstəqillik uğrunda gərgin mübarizəsinin nəticəsi olaraq 1991-ci il oktyabrın 18-də Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktının qəbul olunması ilə 1918-ci ildə Şərqdə ilk parlamentli respublika quran Azərbaycanın yenidən müstəqilliyə qovuşduğunu bildirib. O, müstəqil Azərbaycan Respublikasının 25 ildə keçdiyi inkişaf yolu, əldə etdiyi uğurlar, onun digər dövlətlərlə bərabərhüquqlu əlaqələr qurması, ölkəmizdə hüquqi və dünyəvi dövlətin bərqərar olmasından danışıb.
C.Məcidov müstəqilliyinin ilk illərində Azərbaycanın üzləşdiyi problemlərdən bəhs edərək, Ermənistanın Azərbaycana qarşı təcavüzünün ağır nəticələri, daxili hərc-mərclik barədə məlumat verib. Ümummilli lider Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıtmasından sonra məhz onun zəngin təcrübəsi sayəsində dövlətçiliyin əsas prinsiplərinin müəyyən edildiyi, ölkədə vəziyyətin sabitləşdiyi, müxtəlif sahələrdə uğurlu islahatların həyata keçirildiyi, ən əsası isə milli birliyə nail olunduğu, bu siyasi kursun bu gün Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirildiyi vurğulanıb. Ölkəmizin müxtəlif sahələrdə əldə etdiyi nailiyyətlərin Azərbaycan dövləti və onun rəhbərliyinin yürütdüyü müstəqil siyasətin bariz nümunəsi olduğu qeyd edilib.
Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının 25-ci ildönümü ilə əlaqədar səfirliyin keçirdiyi tədbirlər çərçivəsində Serbiyanın nüfuzlu mətbuat orqanlarından sayılan “Danas” qəzetinin 18 oktyabr tarixli buraxılışında “25 illik müstəqillik – Azərbaycanın uğurları və perspektivləri: Dostluq coğrafi məsafəni qısaldır” adlı məqalə də nəşr olunub.
Pərvanə Qarayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Belqrad