SİYASƏT
Belqraddakı Azərbaycan Mədəniyyət Mərkəzi Ermənistan ordusunun Alxanlıda mülki insanları qətlə yetirməsi ilə bağlı bəyanat yayıb
Bakı, 8 iyul, AZƏRTAC
Belqrad şəhərində fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzi iyulun 4-də Ermənistan silahlı qüvvələrinin Füzuli rayonunun Alxanlı kəndini atəşə tutması nəticəsində Azərbaycanın mülki əhalisinin qətlə yetirilməsi ilə əlaqədar bəyanat yayıb.
Azərbaycanın Serbiyadakı səfirliyindən AZƏRTAC-a bildirilib ki, bəyanatda Alxanlı kəndinin atəşə tutulması nəticəsində ikiyaşlı Zəhra Quliyevanın və onun nənəsi Sahibə Allahverdiyevanın qətlə yetirildiyi, Sərvinaz Quliyevanın yaralandığı, mülki obyektlərə ciddi ziyan dəydiyi qeyd olunub.
Bu hücumun Ermənistanın Azərbaycana qarşı təcavüz etdiyi 1980-ci illərin sonundan bəri Azərbaycanın mülki əhalisinə - uşaq, qadın, ahıl insanlara və mülki obyektlərə edilən yeganə hücum olmadığı bildirilib. Buna misal olaraq 1992-ci ildə Ermənistan silahlı qüvvələrinin bölgədə yerləşən 366-cı sovet motoatıcı alayının dəstəyi ilə Xocalıya hücumu və günahsız insanların qətlə yetirilməsi və şəhəri yerlə-yeksan edilməsi qeyd olunub.
1994-cü ildə atəşkəs rejiminin rəsmən qüvvəyə minməsinə baxmayaraq, Ermənistan ordusunun dinc Azərbaycan əhalisinə qarşı zorakılıq siyasətini davam etdirdiyi, bunun nəticəsində 2011-ci ilin mart ayında snayper atəşi ilə Ağdam rayonunun Orta Qərvənd kənd sakini 10 yaşlı Fariz Bədəlovun, 2011-ci ilin iyul ayında isə Ermənistan tərəfindən uşaq oyuncağına quraşdıraraq Tovuz çayına atılmış bombanın partlaması nəticəsində 13 yaşlı Aygün Şahmalıyevanın qətlə yetirilməsi, onun anası Elnarə Şahmalıyevanın yaralandığı da qeyd olunub.
Diqqətə çatdırılıb ki, bu qanlı hadisələr Ermənistanın təcavüzkar siyasətini və Azərbaycanın suverenliyi, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığını təsdiq edən və işğalçı qüvvələrin Azərbaycanın işğal olunmuş ərazilərindən dərhal çıxarılmasını tələb edən BMT TŞ-nin 1993-cü il tarixli 822, 853, 874, 884 saylı qətnamələrə məhəl qoymadığını sübuta yetirir. Ermənistanın BMT Baş Məclisinin “Azərbaycanın işğal olunmuş ərazilərində vəziyyət” adlı 14 mart 2008-ci il tarixli, AŞ PA-nın 2005-ci il tarixli 1416 saylı qətnamələrinə və digər sənədlərə məhəl qoymadığı da bildirilib.
Ermənistanın Azərbaycan mülki əhalisinə və mülki obyektlərə birbaşa və qəsdən hücumları, beynəlxalq humanitar hüququn və insan haqlarının, xüsusilə 1949-cu il Cenevrə konvensiyasının və ona 1 saylı Əlavənin, həmçinin uşaqların hüquqlarına və insan hüquqlarının müdafiəsi və fundamental azadlıqlara dair Konvensiyanın ciddi şəkildə pozulması kimi dəyərləndirilib.
Bəyanatın sonunda Azərbaycan Mədəniyyət Mərkəzi bütün dünya ictimaiyyətini və beynəlxalq təşkilatları, o cümlədən münaqişənin həlli ilə məşğul olan ATƏT-in Minsk qrupunu Ermənistanın qeyd olunan hərəkətlərini pisləməyə, Ermənistandan silahlı qüvvələrini dərhal Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarmağı tələb etməyə və Ermənistan-Azərbaycan münaqişəsinin tezliklə sülh yolu ilə tənzimlənməsi üçün qətiyyətli addımlar atmağa çağırıb.