SİYASƏT
Benilüks Azərbaycanlıları Konqresi digər diaspor təşkilatları ilə əməkdaşlığı möhkəmləndirir
Paris, 11 dekabr, AZƏRTAC
Mərkəzi ofisi Amsterdamda yerləşən Benilüks Azərbaycanlıları Konqresi (BAK) Benilüks məkanında fəaliyyət göstərən digər ölkələrin təmsilçiləri ilə əməkdaşlığı möhkəmləndirməyə çalışır, onlarla birlikdə müxtəlif tədbirlər keçirir. BAK-ın Niderlandın Rotterdam şəhərində Qazaxıstan Prezidenti gününə həsr olunan tədbirin təşkilində yaxından iştirak etməsi bunun bariz nümunəsidir.
Qazaxıstan, Azərbaycan, Türkiyə, Latviya, Litva, yəhudi diasporu ilə yanaşı, yerli ictimaiyyət nümayəndələrinin iştirak etdikləri tədbirdə Prezident Nursultan Nazarbayevin həyatından bəhs edən sənədli film nümayiş olunub. Mərasimdə çıxış edən BAK-ın sədri Sahil Qasımov türk xalqlarının qədim dostluğundan, ölkələrimiz arasında iqtisadi, mədəni və digər sahələrdə əməkdaşlığın inkişafından söhbət açıb.
Qazaxıstanın Haaqadakı səfiri M.Murzamadiyeva tədbirin keçirilməsində xüsusi fəallıq göstərdiklərinə görə BAK-ın rəhbərliyinə və üzvlərinə, habelə digər diaspor təmsilçilərinə təşəkkürünü bildirib.
Sonda S.Qasımov türkdilli ölkələrin diasporları arasında dostluq münasibətlərinin möhkəmlənməsinə verdiyi töhfəyə görə səfirə rəhbərlik etdiyi təşkilatın I dərəcəli diplomunu təqdim edib.
Əsgər Əliyev
AZƏRTAC-ın xüsusi müxbiri
Paris