DÜNYA
Berat Albayrak: “Türk axını”nın ilk hissəsinin 2019-cu ildə tamamlanması üçün hər hansı bir gecikmə gözlənilmir
Bakı, 26 oktyabr, Nihad Budaqov, AZƏRTAC
Rusiya təbii qazını Türkiyəyə çatdıracaq “Türk axını” qaz boru kəmərinin (Turkish Stream) tikintisinə 2017-ci ildə başlanılması planlaşdırılır. Layihənin ilk hissəsinin 2019-cu ildə tamamlanması üçün hər hansı bir gecikmə gözlənilmir.
AZƏRTAC Anadolu agentliyinə istinadla xəbər verir ki, bu fikri Türkiyənin enerji və təbii sərvətlər naziri Berat Albayrak səsləndirib.
Nazir bildirib ki, “Türk axını” üzrə ikinci boru kəməri Avropa bazarının aqibəti ilə əlaqəlidir. “Türk axını” Türkiyənin xüsusilə Qərb ilə yaşana biləcək böhranların aradan qaldırılmasını təmin etmək üçün əhəmiyyətli bir layihədir.
Rusiyanın xarici işlər naziri Sergey Lavrov isə ötən gün ölkəsinin öz təbii qazını zəruri zəmanət təmin olunacağı təqdirdə “Türk axını” qaz boru kəməri ilə Avropaya çatdırmağa hazır olduğunu deyib. Bildirib ki, inşa ediləcək bir boru kəmərinin Yunanıstandan keçməklə Avropaya çatdırılması planlaşdırılır.
Rusiyanın enerji nəhəngi “Gazprom”un idarə heyətinin sədri Aleksey Miller qeyd edib ki, son proseslər çərçivəsində “Türk axını” üzrə planlaşdırılan iki boru kəmərinin tikintisi işlərinin 2019-cu ilin sonunda tamamlanması nəzərdə tutulur.
Xatırladaq ki, İstanbulda keçirilən XXIII Dünya Enerji Konqresi çərçivəsində oktyabrın 10-da Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə Rusiya Prezidenti Vladimir Putinin görüşündə “Türk axını” qaz boru kəməri layihəsi üzrə hökumətlərarası saziş imzalanıb. Sazişi Türkiyənin enerji və təbii sərvətlər naziri Berat Albayrak və Rusiyanın energetika naziri Aleksandr Novak imzalayıb. “Türk axını” ilə Rusiya qazının Türkiyədən keçməklə Avropaya çatdırılması nəzərdə tutulur. Kəmərlə ümumilikdə 31,5 milyard kubmetr qazın Avropanın, qalan hissəsinin isə Türkiyənin daxili tələbatının ödənilməsi üçün istifadə edilməsi planlaşdırılır. Layihə üzrə iki boru kəmərinin tikilməsi nəzərdə tutulur.