REGİONLAR


“Bərdə-Çörək” ASC əhalinin yüksək keyfiyyətli çörəklə təmin edilməsində mühüm rol oynayır VİDEO

A+ A

Bərdə, 19 sentyabr, Tahir Ağaməmmədov, AZƏRTAC

Ölkəmizdə əhalinin keyfiyyətli və təhlükəsiz qida məhsulları ilə təminatına xüsusi önəm verilir. Respublikamızın regionlarında ən müasir texnologiyaların tətbiqinə əsaslanan iri çörək zavodları yaradılır, mövcud çörəkbişirmə müəssisələri yenidən qurularaq ən müasir texnologiya və avadanlıqlarla təchiz edilir. Görülən tədbirlər istehlakçıları yüksək keyfiyyətli, müxtəlif çeşiddə çörək və çörək məhsulları ilə təmin etməyə imkan verir.

Qarabağ regionunun ən böyük çörək istehsal edən müəssisəsi olan “Bərdə-Çörək” ASC-nin idarə heyətinin sədri, iqtisadiyyat üzrə fəlsəfə doktoru Məhərrəm Şəfiyev AZƏRTAC-ın müxbiri ilə söhbətində bildirib ki, müəssisə 1980-cı illərin əvvəllərində xalqımızın ümummilli lideri Heydər Əliyevin təşəbbüsü ilə tikilib istifadəyə verilib. “2008-2015-ci illərdə Azərbaycan Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı”na uyğun olaraq “Bərdə-Çörək” ASC yenidən qurularaq, müasir avadanlıqlarla təchiz edilib. Sutkalıq istehsal gücü 55 ton olan zavodda gündəlik 10-12 ton çörək istehsal olunur. Müəssisə Bərdə və ətraf rayonların əhalisinin yüksək keyfiyyətli çörəklə təmin edilməsində mühüm rol oynayır.

M.Şəfiyev qeyd edib ki, ulu öndər Heydər Əliyev əhalinin ərzaqla etibarlı təminatı məsələsini Azərbaycan dövlətinin başlıca vəzifəsi kimi daim diqqət mərkəzində saxlayırdı. Dahi rəhbərin 1993-cü ildə ikinci dəfə hakimiyyətə gəlməsi ilə digər sahələrdə olduğu kimi, əhalinin çörək problemi də həll edildi. Torpaq islahatının aparılması və dövlət əmlakının özəlləşdirilməsi nəticəsində bazar iqtisadiyyatının əsasını təşkil edən azad sahibkarlıq bərqərar oldu. Kənd təsərrüfatının bütün sahələrində gedən tənəzzül iqtisadi artımla əvəzləndi.

“Aqrar sahəyə xüsusi diqqət göstərməklə yanaşı, Heydər Əliyev həm də bu sektorda güclü iş adamlarının - fermerlərin, ailə təsərrüfatlarının, sahibkarların formalaşmasına xüsusi səy göstərirdi. Heydər Əliyevin 2002-ci ilin aprelində yerli sahibkarlarla keçirdiyi görüşü indi böyük razılıq hissi ilə xatırlayıram. Həmin görüşdə şəxsən iştirak etmiş şəxs kimi Ulu Öndərin aqrar sektorda güclü sahibkarlar ordusunun formalaşmasında nə qədər maraqlı olduğunu gördüm. Ulu Öndərin həmin görüşdəki proqram xarakterli nitqi və sahibkarlara tövsiyəsi illər keçsə də, öz dəyərini və aktuallığını qoruyub saxlayır”, – deyə M.Şəfiyev bildirib.

Sahibkar qeyd edib ki, Ümummilli Liderin siyasi kursunu uğurla davam etdirən Prezident İlham Əliyev də sahibkarlarla müntəzəm görüşlər keçirir, sahibkarlığın inkişafı istiqamətində tövsiyə və tapşırıqlar verir. Dövlət başçısının tapşırığına əsasən, buğdanın idxalı və satışı, buğda ununun və çörəyin istehsalı və satışının əlavə dəyər vergisindən azad olunması bu sahədə qiymətin sabit qalmasına səbəb olub. Çörəyin maya dəyərinin aşağı düşməsi həm sahibkarlara stimul yaradır, həm də əhalinin sosial rifahının yaxşılaşmasına öz töhfəsini verir.

Sahibkarlara göstərdiyi yüksək qayğıya görə dövlətimizin başçısına minnətdarlığını bildirən Məhərrəm Şəfiyev ölkəmizin ərzaq təhlükəsizliyinin təmin edilməsində bundan sonra da əzmlə çalışacaqlarını bildirib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.