ELM VƏ TƏHSİL
Bərdə beynəlxalq arxeoloji ekspedisiyasının üzvləri Milli Azərbaycan Tarixi Muzeyində
Bakı, 17 mart, AZƏRTAC
Bərdə beynəlxalq arxeoloji ekspedisiyasının rəisi, Oksford Universitetinin əməkdaşı, arxeoloq Pol Bordsvortun başçılıq etdiyi nümayəndə heyəti Azərbaycan Milli Elmlər Akademiyasının Milli Azərbaycan Tarixi Muzeyində (MATM) olub.
Muzeydən AZƏRTAC-a bildiriblər ki, görüşdə MATM-ın direktoru, akademik Nailə Vəlixanlı Bərdədə aparılan arxeoloji tədqiqatların vəziyyəti ilə maraqlanıb, bu şəhərin tarixi ilə bağlı maraqlı məlumatlar verib.
P.Bordsvort tədqiqatları Bərdə rayonu ərazisindəki Qaratəpə və Torpaqqala abidələrində aparıldığını, xeyli sayda maddi mədəniyyət nümunələrinin tapıldığını və maraqlı elmi nəticələrin əldə olunduğunu bildirib.
Sonra qonaqlar muzeyin ekspozisiyası və arxeologiya fondu ilə tanış olublar. Fondda əcnəbi mütəxəssislərə Beyləqanın arxeoloji saxsı məmulatı ilə tanışlıq üçün lazımi şərait yaradılıb.