REGİONLAR


Bərdə məktəbinin uğuru: 23 məzun 500-600 arası, 13 məzun isə 600-dən çox bal toplayıb VİDEO

A+ A

Bərdə, 29 iyul, Tahir Ağaməmmədov, AZƏRTAC

Bərdə şəhər akademik Zərifə Əliyeva adına məktəb-liseyin məzunları qəbul imtahanlarında yüksək nəticələr əldə ediblər.

Məktəb-liseyin direktoru Vidadi Süleymanov AZƏRTAC-a bildirib ki, bu il təhsil ocağını bitirən 97 məzundan 90 nəfəri ali məktəblərə keçirilən imtahanlarda iştirak edib. Qəbul imtahanlarında məzunlardan 85-ə yaxını keçid balını toplaya bilib. Onlardan 23 nəfəri 500-600 arası, 13 nəfəri isə 600-dən çox bal toplayıb.

Vidadi Süleymanov qeyd edib ki, təhsil ocağı 2007/2008-ci və 2012/2013-cü tədris illərində keçirilmiş “Ən yaxşı ümumtəhsil məktəbi” müsabiqələrinin qalibi olub: “Məktəb-liseyin müəllimlərindən müxtəlif illərdə 7 nəfər “Ən yaxşı müəllim” müsabiqələrinin qalibi adını qazanıb, 2 nəfər “Əməkdar müəllim” adına layiq görülüb, 2 nəfər “Tərəqqi” medalı ilə təltif edilib. Məktəbin şagirdləri hər il bilik yarışmalarında yüksək nəticələr göstərirlər. Məzunlarımız yüksək balla respublikanın müxtəlif ali məktəblərinə qəbul olunurlar. Hazırda məktəbimizin 6 yetirməsi Prezident təqaüdçüsüdür”.

Qazanılan uğurları dövlətin təhsilin inkişafına göstərdiyi qayğının nəticəsi kimi qiymətləndirən Vidadi Süleymanov yeni tədris ilində nailiyyətləri daha da yüksəltməyə çalışacaqlarını bildirib.

Qəbul imtahanlarında 679 bal toplayan məktəb-liseyin məzunu Günel İsmayılova bu uğura çox çalışmaqla nail olduğunu deyib: “Qəbul imtahanlarına çox ciddi hazırlaşırdım. Sınaq imtahanlarında yüksək bal yığdığım üçün qəbul imtahanında da uğur qazanacağıma əmin idim. İstəyim isə ingilis dili müəllimi olmaqdır”.

Məktəb-liseyin digər məzunu İsmayıl Məmmədzadə qəbul imtahanlarında 640 bal toplayıb. “Arzum Azərbaycan Diplomatiya Akademiyasında kompyuter mühəndisliyi ixtisasına yiyələnməkdir. Çalışacam ki, müəllimlərimin, valideynlərimin etimadını doğruldum, ölkəmiz üçün lazımlı bir mütəxəssis kimi yetişim” – deyə, İ.Məmmədzadə bildirib.

Məktəb-liseyin digər məzunu Gülzar Sadıqovanın arzusu isə Azərbaycan Dillər Universitetində təhsil almaqdır: “Sınaq imtahanlarında 500-600-dən yuxarı bal toplayırdım. Qəbul imtahanında gözlədiyim nəticəni əldə etdim, 634 bal yığdım. Arzum universiteti bitirdikdən sonra təhsilimi magistraturada davam etdirmək, ali məktəbdə müəllim işləməkdir”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.