REGİONLAR
Bərdə rayonunda heyvandarlığın inkişafı ilə bağlı zona müşavirəsi keçirilib
Bakı, 27 iyul, AZƏRTAC
İyulun 27-də Bərdə rayonunda damazlıq-seleksiya işlərinin yaxşılaşdırılması, yerlərdə heyvanların süni mayalandırılması işinin daha səmərəli təşkili məqsədilə zona baytarlıq laboratoriyalarının fəaliyyətinin genişləndirilməsi, heyvanların süni mayalandırılmasında istifadə olunan genetik materialın müayinə edilməsi, yem istehsalının təşkili, bölgə üçün xarakterik olan heyvan xəstəliklərinə qarşı mübarizə tədbirlərinin aparılması və heyvandarlığın digər məsələləri ilə bağlı zona müşavirəsi keçirilib.
Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, müşavirədə Bərdə, Ağdam, Ağcabədi, Tərtər, Yevlax və Xocalı rayonlarından heyvandarlıqla məşğul olan fermerlər, süni mayalama və heyvandarlıq üzrə mütəxəssislər iştirak edib.
Zona müşavirəsində Kənd Təsərrüfatı Nazirliyi Aparatının Heyvandarlığın inkişafı şöbəsinin müdiri Qalib Əbdüləliyev çıxış edərək, respublikada heyvandarlıq sahəsində qarşıda duran vəzifələr, heyvandarlığın intensiv metodlarla inkişaf etdirilməsi yolları, heyvandarlıqda damazlıq-seleksiya işlərinin daha da yaxşılaşdırılması məqsədilə mütərəqqi texnologiyaların tətbiqi, bu sahədə zona baytarlıq laboratoriyalarında işlərin mərkəzləşmiş qaydada təşkili barədə ətraflı məlumat verib.
Müşavirdə heyvandarlıqda seleksiya-damazlıq işlərinin təşkili, heyvan xəstəlikləri ilə mübarizə tədbirləri, heyvandarlıqda möhkəm yem bazasının yaradılması yolları və süni mayalamanın əhəmiyyəti barədə təqdimatlar və çıxışlar olub.
Tədbirdə fermerləri və mütəxəssisləri maraqlandıran suallar ətraflı cavablandırılıb, qarşılıqlı fikir mübadiləsi aparılıb. Vurğulanıb ki, cins tərkibinin yaxşılaşdırılması və yem bazasının təkmilləşdirilməsi regionun heyvandarlıq təsərrüfatlarının inkişafının ən səmərəli yoludur.
Sonra qaramalın cins tərkibinin yaxşılaşdırılması istiqamətində həyata keçirilən tədbirlərin təbliği məqsədilə Bərdə rayonunun Türkmən kəndində ailə təsərrüfatında süni mayalama proseduru nümayiş olunub, heyvandarlığın vəziyyəti sakinlərin iştirakı ilə təhlil edilib və geniş fikir mübadiləsi aparılıb.
Sonda ailə-kəndli və fermer təsərrüfatı sahiblərinə süni mayalamanın üstünlükləri barədə zəruri məlumatlar verilib, kitabçalar paylanılıb.