REGİONLAR
Bərdə rayonunun Lək kəndinə təbii qaz verilib
Bərdə, 24 avqust, AZƏRTAC
Bərdə rayonunun təbii qazla təmin olunan yaşayış məntəqələrinin siyahısına Lək kəndi də əlavə edilib. 485 abonenti olan kəndin qazlaşdırılması üçün birpilləli sistem əsasında 2844 metr polietilen və 15240 metr metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, mənzillərə sayğac və fərdi tənzimləyici quraşdırılıb.
AZƏRTAC xəbər verir ki, kəndə təbii qazın verilməsi münasibətilə keçirilən mərasimdə rayon ictimaiyyətinin nümayəndələri, “Azəriqaz” İstehsalat Birliyinin təmsilçiləri və kənd sakinləri iştirak ediblər. Tədbirdə çıxış edənlər sakinləri kəndin “mavi yanacaq”la təmin olunması münasibətilə təbrik edib, ölkəmizin bütün bölgələrində olduğu kimi, Bərdə rayonunda da həyata keçirilən sosial layihələrdən, yaşayış məntəqələrinin qazlaşdırılması istiqamətində görülən işlərdən danışıblar.
Bildirilib ki, rayonun yaşayış məntəqələrinin qazlaşdırılması başa çatmaq üzrədir. Təkcə cari ilin ötən dövründə rayonda 10 kənd qazlaşdırılıb, 2342 abonentə təbii qaz verilib. Hazırda Hacallı, Lənbəran, Otuzikilər, Mollalı və Mustafaağalı kəndlərində qaz xətlərinin çəkilişi davam etdirilir. Yaxın günlərdə qaz çəkilişi başa çatan yaşayış məntəqələrinə təbii qazın verilişi təmin ediləcək. Hacıbəyli, Hacıəhmədli, Kafarlı, Məşədiibişli, Bayramlı kəndlərinin qazlaşdırılması üçün tədbirlər görülür.
Sakinlər əhalinin rifah halının, sosial məişət şəraitinin yaxşılaşdırılması, o cümlədən kəndlərin “mavi yanacaq”la təmin olunmasına görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.
Sonda təbii qazın verilməsini bildirən rəmzi məşəl alovlandırılıb.