REGİONLAR


Bərdə sakininin avtomobilində ətdən ayrılmış at skeletləri aşkarlanıb

Bakı, 21 aprel, AZƏRTAC

Aprelin 20-də Daxili İşlər Nazirliyinin Bərdə Rayon Polis Şöbəsi əməkdaşları tərəfindən Bərdə rayon sakini, S.Vurğun küçəsi ev 15-də yaşayan Məmmədov Alim Vəli oğluna məxsus "QAZ-el" markalı 10-UX-290 dövlət nömrə nişanlı yük avtomobili saxlanılıb və baxış keçirilib. Baxış zamanı avtomobilin yük yerində 4 atın başı, 16 ədəd ön və arxa ayağı, ətdən ayrılmış onurğa sütunu, ön və arxa ətraflarının ətdən ayrılmış sümükləri, dərisi və möhtəviyyatla dolu daxili orqanları aşkarlanıb.

Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidmətindən AZƏRTAC-a bildiriblər ki, Bərdə Rayon Baytarlıq İdarəsi və Bərdə zona Baytarlıq Laboratoriyasının əməkdaşlarının iştirakı ilə həmin avtomobildə aşkar olunan at məhsullarından nümunələr götürülərək müayinə üçün Respublika Baytarlıq Laboratoriyasına göndərilib.

Götürülən nümunələrin laboratoriya müayinələrinin nəticəsindən asılı olaraq qanunvericiliklə müvafiq qaydada tədbirlər görüləcək. Hazırda Bərdə Rayon Polis Şöbəsində müvafiq araşdırmalar aparılır.

Dövlət Baytarlıq Nəzarəti Xidməti bildirir ki, Bərdə rayon sakini, S.Vurğun küçəsi ev 15-də yaşayan Məmmədov Alim Vəli oğluna bundan əvvəl də eyni əməllərə görə dəfələrlə xəbərdarlıq edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.