REGİONLAR
Bərdədə 18 aprel - Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü münasibətilə “açıq qapı” günü keçirilib
Bərdə, 18 aprel, AZƏRTAC
Bərdə rayon Heydər Əliyev Mərkəzində 18 aprel - Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü münasibətilə rayon ümumtəhsil məktəbləri şagirdlərinin Heydər Əliyev Mərkəzinə ekskursiyaları təşkil edilib.
AZƏRTAC xəbər verir ki, “açıq qapı” günündə şagirdlərə Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü barədə məlumat verilib. Bildirilib ki, bu əlamətdar gün 1983-cü ildə UNESCO-nun yanında Tarixi Yerlər və Abidələrin Mühafizəsi Şurasının Beynəlxalq Assambleyası tərəfindən təsis olunub. Ölkəmiz dünyada bəşər sivilizasiyasının meydana gəldiyi ərazilərdən biridir. Arxeoloji qazıntılar nəticəsində məlum olub ki, Azərbaycanda yaşamış qədim insanlar tarix boyu şərəfli yol keçərək, çoxsaylı abidələr yaratmışlar və onların bir çoxu bu gün də qorunub saxlanılır.
Qeyd edilib ki, tarixi abidələrin qorunması və gələcək nəsillərə çatdırılması sahəsində ölkəmizdə böyük işlər həyata keçirilir. İçərişəhər memarlıq kompleksi, Qobustan Dövlət Tarixi-Bədii Qoruğu UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilib.
Tədbirdən sonra şagirdlər Mərkəzdəki eksponatlarla, ulu öndər Heydər Əliyevin iş otağının maketi ilə, foto və kitablarla tanış olublar.