REGİONLAR


Bərdədə “Azərbaycan gəncliyi: inkişaf və perspektivlər” mövzusunda diskussiya keçirilib

A+ A

Bərdə, 13 avqust, AZƏRTAC

Bərdə Rayon Mərkəzi Kitabxanasında “Azərbaycan gəncliyi: inkişaf və perspektivlər” mövzusunda diskussiya keçirilib.

AZƏRTAC xəbər verir ki, rayon icra hakimiyyətinin gənclər və idman idarəsi ilə birgə təşkil etdiyi tədbirdə rayonun fəal gəncləri iştirak edib.

Əvvəlcə ümummilli lider Heydər Əliyevin və respublikamızın ərazi bütövlüyü uğrunda şəhid olan Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla anılıb.

Gənclər və idman idarəsinin baş məsləhətçisi Aydın Qasımov çıxış edərək, 12 avqust - Beynəlxalq Gənclər Gününün təsis edilməsindən, ölkəmizdə gənclərə göstərilən diqqət və qayğıdan danışıb. Bildirib ki, 1998-ci il avqustun 8-dən 12-dək Lissabonda gənclərlə iş üzrə nazirlərin iştirakı ilə keçirilən beynəlxalq konfransda hər il avqustun 12-nin dünyada Beynəlxalq Gənclər Günü kimi qeyd olunması qərara alınıb. Həmin vaxtdan etibarən bu gün gənclərə lazımi diqqət göstərmək, onların nailiyyətlərini təbliğ etmək, cəmiyyətin bütün sahələrində gənclərin iştirakına təkan vermək məqsədilə dünyada geniş qeyd olunur.

Rayon icra hakimiyyətinin ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Eldəniz Səfərov, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Yevlax bölgəsi üzrə şöbəsinin baş məsləhətçisi Rahib İbrahimov və digərləri gənclərin ölkəmizin ictimai-siyasi həyatında rolundan, mədəniyyət, təhsil, idman və digər sahələrdə əldə etdikləri uğurlardan danışıblar.

Diskussiya şəklində davam edən tədbirdə gənclərin vətənpərvərlik və mənəvi tərbiyəsi, intellektual inkişafı, sosial şəbəkələrdən istifadəsi kimi məsələlər müzakirə edilib.

Tədbirdə bir qrup fəal gəncə fəxri fərmanlar verilib. Sonda gənclər və idman idarəsinin könüllüləri tərəfindən hazırlanmış musiqi nömrələri təqdim olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.