REGİONLAR
Bərdədə II və III ixtisas qrupları üzrə qəbul imtahanları keçirilib
Bərdə, 30 aprel, AZƏRTAC
Dövlət İmtahan Mərkəzi (DİM) aprelin 30-da 2017/2018-ci tədris ili üçün Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə qəbul olmaq istəyən abituriyentlər üçün II və III ixtisas qrupları üzrə qəbul imtahanı keçirib. İmtahan respublikanın 11 şəhərində, ümumilikdə, 66 binada təşkil olunub.
DİM-in Bərdə regional bölməsinin müdiri, kimya üzrə fəlsəfə doktoru Samir Əliyev AZƏRTAC-a bildirib ki, Bərdə şəhərində 5 mərkəzdə keçirilən imtahanlarda 2313 nəfər abituriyent iştirak edib.
Saat 11:00-da başlanan imtahanlar 3 saat davam edib. İmtahanların gedişinə 14 imtahan rəhbəri və 156 nəzarətçi-müəllim nəzarət edib. İmtahanlar heç bir qayda pozuntusu olmadan uğurla başa çatıb.
Təhlükəsizliyin təmin edilməsi məqsədilə imtahan keçirilən binalara polis və Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşları, tibb işçiləri cəlb olunub.
İmtahanlar başa çatdıqdan dərhal sonra müstəqil ekspertlər tərəfindən test suallarının ekspertizası aparılacaq. İmtahanlarda istifadə olunmuş sualların düzgün cavabları DİM-in internet saytında və “Facebook” səhifəsində yerləşdiriləcək.
Abituriyentlərin cavab kartlarının emalı başa çatdıqdan sonra nəticələr və hər bir abituriyentin cavab kartının qrafik təsviri imtahandan 3-4 gün sonra DİM-in internet saytında yerləşdiriləcək.