REGİONLAR


Bərdədə bir qrup fəal gənc mükafatlandırılıb

Bərdə, 12 avqust, AZƏRTAC

Bərdə rayon Mərkəzi Kitabxanasında 12 avqust - Beynəlxalq Gənclər Gününə həsr olunmuş “Müasir Azərbaycan gəncliyi və inteqrasiya” mövzusunda diskussiya keçirilib.

AZƏRTAC xəbər verir ki, Bərdə Rayon İcra Hakimiyyətinin Gənclər və İdman İdarəsi ilə birgə təşkil etdiyi tədbirdə rayonun fəal gəncləri iştirak edib.

Gənclər və İdman İdarəsinin rəis müavini Aydın Qasımov gəncləri əlamətdar gün münasibətilə təbrik edib, Beynəlxalq Gənclər Gününün tarixindən, respublikamızda gənclərə göstərilən dövlət qayğısından, gənclərin ölkənin ictimai-siyasi həyatında oynadığı roldan, təhsil, mədəniyyət və idmanda qazandıqları uğurlardan danışıb. Bildirib ki, 1998-ci il avqustun 8-dən 12-dək Lissabonda gənclərlə iş üzrə nazirlərin iştirakı ilə keçirilən beynəlxalq konfransda hər il avqustun 12-nin dünyada Beynəlxalq Gənclər Günü kimi qeyd olunması qərara alınıb.

Diqqətə çatdırıb ki, Azərbaycanda uğurlu gənclər siyasəti həyata keçirilir. Xalqımızın ulu öndəri Heydər Əliyevin əsasını qoyduğu gənclər siyasətinin Prezident İlham Əliyevin rəhbərliyi ilə müasir dövrün tələblərinə uyğun davam etdirilməsi gənclərin hərtərəfli fəaliyyətinə geniş imkanlar yaradıb.

Diskussiya şəklində davam edən tədbirdə rayon icra hakimiyyətinin ictimai-siyasi və humanitar məsələlər üzrə şöbəsinin müdir müavini Eldəniz Səfərov, Mərkəzi Kitabxananın müdiri Almaz Zülfüqarova və başqaları çıxış edərək, gənclərin vətənpərvərlik və mənəvi tərbiyəsinin yüksəldilməsi, intellektual inkişafı, dünyagörüşünün artırılması, sosial şəbəkələrdən istifadə kimi məsələlərdən bəhs ediblər.

Tədbirin sonunda bir qrup fəal gəncə fəxri fərman təqdim olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.