REGİONLAR
Bərdədə gənclərin radikal təsirlərdən qorunmasında İslam həmrəyliyi ideyasının rolu müzakirə olunub
Bərdə, 15 iyun, AZƏRTAC
Bərdə regional “ASAN xidmət” mərkəzində rayon icra hakimiyyətinin, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Yevlax bölgəsi üzrə şöbəsinin, Gənclər və İdman İdarəsinin və Bərdə regional “ASAN xidmət” mərkəzinin birgə təşkilatçılığı ilə “Gənclərin radikal təsirlərdən qorunmasında İslam həmrəyliyi ideyasının rolu” mövzusunda tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, mərkəzin könüllülərinin, gənclərin və ziyalıların iştirak etdiyi tədbiri açan regional “ASAN xidmət” mərkəzinin direktoru Elxan Cəfərov mövzu ilə bağlı məlumat verib.
DQİDK-nın Yevlax bölgəsi üzrə şöbəsinin müdiri Natiq Əfəndiyev tolerant, multikultural və İslam həmrəyliyi ideyalarının gənclərə aşılanmasının əhəmiyyətindən danışıb və radikal düşüncələrin cəmiyyətdə yayılmasına, xüsusən də gəncləri təsir altına salmasına qarşı mübarizənin vacibliyini qeyd edib. Natiq Əfəndiyev “İslam Həmrəyliyi İli” ilə əlaqədar DQİDK-nın həyata keçirdiyi tədbirlər barədə məlumat verib. Bildirib ki, gələcəkdə gənclərlə bağlı maarifləndirmə tədbirlərinin daha çox keçirilməsi nəzərdə tutulur.
Bərdə Rayon İcra Hakimiyyətinin ictimai-siyasi və humanitar məsələlər şöbəsi müdirinin müavini – dini qurumlarla işin təşkilatçısı Eldəniz Səfərov çıxışında vurğulayıb ki, həm ölkə daxilində, xaricdə həyata keçirilən uğurlu siyasət nəticəsində Azərbaycan beynəlxalq aləmdə yüksək etimada malik dövlətlər sırasında yer almaqdadır. İslam dini xalqımızı birləşdirir, həmrəyliyə, dövlətimizin möhkəmlənməsinə və yüksəlməsinə xidmət edir. Azərbaycanda bu cür sağlam dövlət-din münasibətlərinin əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulub. Ölkəmizdə 2017-ci ilin “İslam Həmrəyliyi İli” elan edilməsi, may ayında Bakıda IV İslam Həmrəyliyi Oyunlarının keçirilməsi Prezident İlham Əliyev tərəfindən bu siyasətin uğurla həyata keçirilməsinin bariz nümunəsidir.
Bərdə rayon Gənclər və İdman İdarəsinin rəisi Anar Şahbazov IV İslam Həmrəyliyi Oyunlarında qazanılan yüksək nəticələr barədə məlumat verib, eyni zamanda, bu uğurların gənc nəslin radikalizmdən uzaq mühitdə inkişafına müsbət təsir etdiyini söyləyib.
Tədbirdə DQİDK-nın Yevlax bölgəsi üzrə şöbəsinin əməkdaşı Rahib İbrahimov şöbə tərəfindən slayd formatında hazırlanmış mövzunu tədbir iştirakçılarının diqqətinə çatdırıb.
Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb və Dövlət Komitəsinin nəşr etdirdiyi dini təyinatlı ədəbiyyatlar paylanılıb.