CƏMİYYƏT
Bərdədə hərbi cərrahiyyə ilə bağlı seminar təşkil edilib
Bakı, 8 sentyabr, AZƏRTAC
Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) Azərbaycan nümayəndəliyi Səhiyyə və Müdafiə nazirlikləri ilə birgə sentyabrın 6-dan 8-dək Bərdə Müalicə Diaqnostika Mərkəzində hərbi cərrahiyyəyə dair seminar təşkil edib.
Nümayəndəlikdən AZƏRTAC-a bildirilib ki, tədbirdə Azərbaycanın mülki və hərbi hospitallarından 40-a yaxın mütəxəssis təqdimat və müzakirələr vasitəsilə hərbi cərrahiyyədə anesteziya, infeksiyaların nəzarətdə saxlanması və fövqəladə hallar zamanı xəstə axınının idarə olunması ilə bağlı biliklər əldə ediblər.
Seminar BQXK-nın cərrahları Martin Herrmann (Almaniya) və Marko Pinna Pintor (İtaliya) tərəfindən keçirilib. BQXK-nın dünyanın müxtəlif yerlərində fəaliyyət göstərən xəstəxanalarında müharibə zamanı yaralanmış xəstələrin müalicəsində və yerli həkimlərə seminarlar keçirilməsində hər iki cərrahın çoxillik təcrübəsi var.
BQXK-nın Bərdə ofisinin rəhbəri Cihad Nabhan təmsil olunduğu qurumun 1989-cu ildən münaqişələrin təsir etdiyi ərazilərdə hərbi cərrahiyyə ilə bağlı seminarlar keçirdiyini bildirərək deyib: ”Məqsədimiz öyrənmə və təcrübə mübadiləsi vasitəsilə xəsarət almış hər bir xəstənin düzgün müalicə edilməsində tibbi personalın bacarıqlarının artırılmasına nail olmaqdır. Bu, bizim üçün də bilik və təcrübəmizi artırmaq imkanı yaradır.”
Seminar Azərbaycanda ilk dəfə təşkil olunur.