REGİONLAR
Bərdədə kənd təsərrüfatı məhsullarının istehsalı 11,9 faiz artıb
Bərdə, 1 avqust, AZƏRTAC
Bərdə Rayon İcra Hakimiyyətində 2015-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına həsr edilmiş yığıncaq keçirilib.
AZƏRTAC xəbər verir ki, yığıncaqda cari ilin altı ayında rayonda görülmüş işlərə dair hesabat məruzəsi dinlənilib, müzakirələr aparılıb. Bildirilib ki, hesabat dövründə 11 yaşayış məntəqəsini birləşdirən Mollaisalar-Vəliuşağı-Mollaəhmədli-Sərkarlar avtomobil yolunun, 47 hektar ərazini əhatə edən Heydər Əliyev park-bulvarının, məcburi köçkünlər üçün 588 ailəlik yaşayış məhəlləsinin, “ASAN xidmət” mərkəzinin, yol polisi xidmətinin inzibati binasının, şəhər 7 nömrəli ümumi orta məktəb və 1 saylı uşaq musiqi məktəb binalarının, Mirzalıbəyli kəndində cins heyvandarlıq kompleksinin tikintisi başa çatdırılıb.
Bərdə şəhərinin İ.Qayıbov, Nüşabə və K.Cabbarov küçələri bütün kommunikasiya xətləri daxil olmaqla yenidən qurulub, piyada yolları tikilib, 19 fərdi yaşayış evinin dam örtüyü dəyişdirilib, fasadları təmir edilib. Yeddi kənd qazlaşdırılıb, Bərdə şəhəri ərazisində Tərtər çayı yatağında 209,8 min manat dəyərində sahilbərkitmə işləri aparılıb. Ərazi Kənd Təsərrüfatı İdarəsinin, toxumçuluq müfəttişliyinin və aqrokimya laboratoriyasının, mədəniyyət mərkəzinin, Gənclər Evinin, Mehdili kəndində müasir yem zavodunun, tutumu 2 min ton olan soyuducu anbarın tikintisi, 260 şagird yerlik Türkmən kənd tam orta məktəbin, 1150 şagird yerlik şəhər 2 və 6 nömrəli, 480 şagird yerlik şəhər 5 nömrəli tam orta məktəblərin binalarının əsaslı təmiri, “Bərdə” türbəsinin bərpası davam etdirilib.
Diqqətə çatdırılıb ki, altı ayda rayonda 183,2 milyon manatlıq ümumi məhsul, o cümlədən 6,4 milyon manatlıq sənaye, 81,9 milyon manatlıq kənd təsərrüfatı məhsulu istehsal edilib, 39,3 milyon manatlıq tikinti-quraşdırma işləri aparılıb. 2014-cü ilin birinci yarısına nisbətən ümumi məhsul istehsalı 30,5 faiz, o cümlədən sənaye məhsulu istehsalı 3,3 faiz, kənd təsərrüfatı 11,9 faiz, tikinti-quraşdırma işləri 2,6 dəfə artıb.
Yığıncaqda rayonun təhsil, səhiyyə, mədəniyyət məsələləri də ətraflı müzakirə edilib, sahibkarlığın və aqrar sahənin inkişafından, əhalinin qaz, elektrik enerjisi, su ilə təminatı sahəsində əldə olunan nailiyyətlərdən və qarşıda duran vəzifələrdən danışılıb.