CƏMİYYƏT
Bərdədə orta məktəbin həyətindən 125 millimetrlik tank mərmisi tapılıb
Bakı, 23 fevral, AZƏRTAC
Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA) mütəxəssisləri tərəfindən Bərdə rayonunun Mirzəalıbəyli kəndindəki orta məktəbin həyətinə baxış keçirilib. Nəticədə partlamamış hərbi sursat - 125 millimetrlik “OF-26” tank mərmisi aşkar edilərək göturülüb, 100 kvadratmetr ərazi yoxlanılıb.
ANAMA-dan AZƏRTAC-a bildiriblər ki, Agentlik tərəfindən yanvarın 1-dən fevralın 23-dək Ağdam, Ağstafa, Füzuli, Şamaxı, Xızı, Beyləqan, Bərdə, Tovuz, Lənkəran və Cəbrayıl rayonları, Lənkəran, Gəncə, Şirvan və Tərtər şəhərlərində ümumilikdə 3 otlaq sahəsinə, 1 əkin sahəsinə, 1 hərbi hissənin yaxınlığına, 51 ev və həyətyanı sahəyə, 1 kənd orta məktəbinin həyətinə, su arxına, dəniz və yol kənarına, yeni avtomobil yolunun çəkiləcəyi əraziyə, avtobaza ərazisinə, körpü ərazisinə, istirahət mərkəzinə, yaşayış binasının yaxınlığına baxış keçirilib, 1962 partlamamış hərbi sursat, 34 ədəd tank əleyhinə mina və 2 ədəd piyada əleyhinə mina aşkar olunaraq zərərsizləşdirilib. Həmin rayonlarda 356 min 153 kvadratmetr ərazi (136 min 803 kvadratmetr ərazi əl ilə, 95,8 min kvadratmetr ərazi mexaniki üsulla, 113 min kvadratmetr ərazi “SENSYS” dərinlikölçən cihazı ilə və 10 min 550 kvadratmetr ərazi isə minaaxtaran itlərin dəstəyi ilə) yoxlanılıb.