REGİONLAR


Bərdədə pambıqçılıqla bağlı bölgə müşavirəsi keçiriləcək

Bakı, 10 may, AZƏRTAC

Prezident İlham Əliyev tərəfindən pambıqçılığın inkişafı ilə bağlı aidiyyəti mərkəzi və yerli icra hakimiyyəti orqanları qarşısında qoyulan vəzifələrin icrası məqsədilə Kənd Təsərrüfatı Nazirliyində “2017-ci ildə pambıq istehsalının təşkili ilə bağlı Tədbirlər Planı” hazırlanıb, istehsalçıların texnika, toxum, gübrə, bitki mühafizə vasitələri ilə təminatı üçün zəruri işlər görülüb. Hazırda səpin işləri əsasən başa çatdırılıb və sahələrin becərilməsi davam etdirilir.

Nazirlikdən AZƏRTAC-a bildiriblər ki, mayın 11-də Bərdə rayonunda “Pambıq sahələrində aqrotexniki tədbirlərin vaxtında və keyfiyyətli aparılmasının üstünlükləri” mövzusunda bölgə müşavirəsinin keçirilməsi nəzərdə tutulur.

Müşavirədə kənd təsərrüfatı nazirliyinin və tabeli qurumların məsul işçilərinin, Aqrar Elm və İnformasiya Məsləhət Mərkəzinin, Bitki Mühafizə və Texniki Bitkilər Elmi Tədqiqat İnstitutunun, Azərbaycan Dövlət Aqrar Universitetinin alim və mütəxəssislərinin, Bərdə, Tərtər, Goranboy, Samux, Yevlax, Ağcabədi, Beyləqan, Füzuli, Ağdam, Ağdaş və Zərdab rayonlarının icra hakimiyyəti orqanlarının, habelə pambıqçılıq şirkətlərinin nümayəndələrinin, eləcə də fermer və sahibkarların, ümumilikdə, 250-dən çox nümayəndənin iştirak etməsi gözlənilir.

Tədbirdə intensiv texnologiyalar, xəstəlik və zərərvericilərə qarşı mübarizə tədbirləri, məhsuldar yeni sortların üstünlükləri, pambıqçılıqda istifadə edilən müasir texnikalar barədə fermerlərə ətraflı məlumat veriləcək və pambıqçılığın inkişaf perspektivləri ilə bağlı müzakirələr aparılacaq.

Müşavirənin sonunda pambıq əkinlərində aqrotexniki qaydalara uyğun olaraq herbisidlərin tətbiqi və düzgün kultivasiya aparılması qaydaları nümayiş etdiriləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.