REGİONLAR
Bərdədə rabitə xidmətinin səviyyəsi yüksəlir
Bərdə, 2 aprel, Tahir Ağaməmmədov, AZƏRTAC
"Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"na uyğun olaraq Bərdə rayonunda rabitə və informasiya xidmətlərinin yaxşılaşdırılması istiqamətində tədbirlər davam etdirilir.
Bərdə rayon icra hakimiyyətindən AZƏRTAC-a bildiriblər ki, Dövlət proqramı çərçivəsində Həsənqaya kəndi ərazisində məcburi köçkünlər üçün yeni salınmış məhəllədə 240 nömrə, Cəyirli, Güloğlular, Şorəlli və Divanlı kəndlərinin sakinlərinə xidmət üçün Cəyirli kəndində 480 nömrə tutumu olan yeni elektron Avtomat Telefon Stansiyaları (ATS) quraşdırılıb. Bərdə-Tərtər avtomobil yolunun kənarında 3,9 kilometr, Bərdə-Yevlax avtomobil yolunun kənarında 2,4 kilometr, Həsənqaya kəndində 560 metr yeni hava rabitə xətləri, Qaradırnaq kənd ATS-i istiqamətində 4,4 kilometr optik kabel çəkilib.
Zümürxan kəndində rabitə şəbəkəsi genişləndirərək 30 abonentə telefon xətti çəkilib, Lənbəran, Xanərəb və Muğanlı kənd ATS-ləri üzrə radio-rele RADMİN-2000 avadanlıqları quraşdırılıb. Ayrı-ayrı yerlərdə 26,6 kilometr istismara yararsız P-274 naqili yenisi ilə əvəz edilib. Elektron ATS-lərdə 624 port tutumlu DSLAM avadanlıqları quraşdırılıb, 1599 abunəçi sürətli internetə qoşulub. Şəhər ərazisində 4 kilometr optik kabel çəkilib, 128 abonentə yeni texnologiya ilə internet xidməti təşkil edilib, Əliyanlı kəndində 256 nömrəlik şəbəkənin tikintisinə başlanılıb.
Hazırda rayonda 4406 nəfər, o cümlədən Bərdə şəhərində 2860 nəfər, kəndlərdə 1546 nəfər genişzolaqlı internet şəbəkəsindən istifadə edir.
Rayonda rabitə xidmətinin səviyyəsinin yüksəldilməsi, yüksək sürətli internet portlarının sayının artırılması istiqamətində işlər davam etdirilir. Cari ildə rayonun 10 kəndində DSLAM avadanlıqlarının, Alaçadırlı kəndində yeni Elektron ATS-in qurulması nəzərdə tutulur.