REGİONLAR
Bərdədə regional ictimai dinləmə təşkil edilib
Bərdə, 10 oktyabr, AZƏRTAC
Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Aparatı “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı”nın (MFP) icrası, təbliği və tətbiqi vəziyyətinin öyrənilməsi, həmçinin seçki hüququ ilə bağlı əhalinin maarifləndirilməsi məqsədilə Mərkəzi Seçki Komissiyası (MSK) ilə birlikdə Bərdədə regional ictimai dinləmə təşkil edib.
AZƏRTAC xəbər verir ki, tədbirdə Ağdam, Ağcabədi, Tərtər, Saatlı, Kürdəmir, Füzuli, Zərdab, Sabirabad, Beyləqan, İmişli, Ucar rayonlarının icra hakimiyyəti başçılarının müavinləri, dairə seçki komissiyalarının (DSK) sədrləri, bələdiyyə və yerli vətəndaş cəmiyyəti qurumlarının rəhbərləri iştirak ediblər.
Tədbiri Bərdə Rayon İcra Hakimiyyəti başçısının müavini Fəqət Şadlinskaya açaraq, cari ilin noyabrın 1-nə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilər ərəfəsində Ombudsman təsisatı və MSK-nın təşkilatçılığı ilə keçirilən ictimai dinləmələrin seçkilərin təşkilinə məsul qurumların seçki hüququ ilə bağlı maarifləndirilməsi baxımından böyük əhəmiyyət daşıdığını vurğulayıb.
Sonra Ombudsman Aparatının rəhbəri Aydın Səfixanlının “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyinin artırılması sahəsində həyata keçirilən islahatlar: nəticələr və qarşıda duran vəzifələr”, MSK Katibliyinin təşkilat şöbəsinin əməkdaşı Faiq Bəşirovun “Azərbaycanda seçki qanunvericiliyinin təkmilləşdirilməsi və seçki hüququnun daha səmərəli təmini” mövzularında məruzələri dinlənilib.
Müzakirələr zamanı yerli icra hakimiyyətlərinin nümayəndələri, dairə və məntəqə seçki komissiyalarının üzvləri, bələdiyyələrin təmsilçiləri çıxış edərək, seçkilərə hazırlıqla bağlı görülən işlər, DSK və məntəqə seçki komissiyalarının fəaliyyəti, seçki məntəqələrinin texniki təchizatının vəziyyəti barədə məlumat veriblər.