REGİONLAR
Bərdədə sahibkarlıq inkişaf edir
Bərdə, 1 mart, AZƏRTAC
Bərdə rayonunda sahibkarlıq inkişaf edir. Rayonda sahibkarlara verilən güzəştli kreditlərin məbləği, eləcə də kənd təsərrüfatı, qida və sənaye məhsullarının istehsalına, ticarət və xidmət sahələrinə yönəldilən investisiyanın həcmi ildən-ilə artır.
Bərdə Rayon İcra Hakimiyyətindən AZƏRTAC-a bildiriblər ki, son illərdə müasir texnologiyaların tətbiqinə əsaslanan 5 min tonluq laqostik mərkəz, 10 min tonluq 2 taxıl anbarı, illik istehsal gücü 20,5 min ton süd və 1,2 min ton ət olan 4700 başlıq 4 heyvandarlıq kompleksi, illik istehsal gücü 1,6 min ton quş əti olan quşçuluq təsərrüfatı, illik istehsal gücü 5 min ton olan süd emalı müəssisəsi, 82 hektar ərazidə bağçılıq təsərrüfatı, gündəlik istehsal gücü 38,6 ton olan çörək istehsalı müəssisəsi, gündəlik istehsal gücü 1,1 ton olan şirniyyat istehsalı müəssisəsi, illik istehsal gücü 5,4 min ton olan ət emalı müəssisəsi, illik istehsal gücü 46 min ton olan qüvvəli yem istehsalı müəssisəsi yaradılıb. Bu müəssisələr əhalinin ərzaq məhsulları ilə təminatında əhəmiyyətli rol oynayır.
Təkcə 2014-cü ildə rayonda sahibkarlıq fəaliyyəti ilə məşğul olanların sayı 3,3 faiz artaraq 9,3 min nəfərə çatıb. Bu dövrdə İqtisadiyyat və Sənaye Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondunun müvəkkil olduğu kredit təşkilatları tərəfindən 494 layihə üzrə sahibkarlara 14,8 milyon manat güzəştli kredit verilib. Bu layihələrin həyata keçirilməsi nəticəsində rayonda 624 yeni iş yerinin yaradılması nəzərdə tutulur.
Hazırda Mehdili kəndində qüvvəli yem istehsalı müəssisəsinin, Mirzalıbəyli kəndində heyvandarlıq kompleksinin tikintisi davam etdirilir.