REGİONLAR


Bərdədə şəhid zabitimizin xatirəsinə həsr olunan “Ruhumuzun qələbəsi naminə” kompozisiyası təqdim edilib

A+ A

Bərdə, 11 oktyabr, Tahir Ağaməmmədov, AZƏRTAC

Müdafiə Nazirliyi və Bərdə Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Bərdə Rayon Mədəniyyət Mərkəzində “Xalqımıza qələbə sevinci yaşadanlar” silsiləsindən aprel ayında cəbhə xəttində ermənilərin törətdikləri təxribatın qarşısını alarkən şəhid olmuş Azərbaycan Ordusunun baş leytenantı Ziya Həsənovun xatirəsinin anım mərasimi keçirilib.

AZƏRTAC xəbər verir ki, rayon ictimaiyyətinin nümayəndələri, Ziya Həsənovun xidmət etdiyi hərbi hissənin komandanlığı, döyüşçü dostları Bərdə şəhidlər xiyabanına gedərək şəhidin məzarını ziyarət ediblər.

Mədəniyyət Mərkəzində Əməkdar İncəsənət Xadimi Abdulla Qurbaninin ssenarisi və rejissorluğu ilə Z.Həsənovun xatirəsinə həsr olunmuş “Ruhumuzun qələbəsi naminə” adlı kompozisiya təqdim edilib. Kompozisiyada Silahlı Qüvvələrin mahnı və rəqs ansamblı, Gəncə qarnizonu zabitlər evinin kollektivi, eləcə də Bərdə hərbi birliyinin hərbi özfəaliyyət kollektivinin üzvləri iştirak ediblər. Tədbirdə Ziya Həsənovun həyat və döyüş yoluna işıq salınıb, qəhrəmanlığı təbliğ olunub. Təqdim edilən vətənpərvərlik mahnıları və hərbi marşlar tamaşaçıları Qarabağ uğrunda mübarizəyə səsləyib.

Tədbirin sonunda Bərdə Rayon İcra Hakimiyyəti başçısının müavini Fəqət Şadlinskaya çıxış edərək ölkəmizdə şəhid ailələrinə göstərilən diqqət və qayğıdan danışıb, xalqımızın şəhidlərə yüksək ehtiram göstərdiyini və Prezident, Ali Baş Komandan İlham Əliyevin əmri ilə hər an torpaqlarımızın azadlığı uğrunda döyüşə hazır olduğunu bildirib.

Tədbirdə iştirak edən Azərbaycan Əfqanıstan Veteranları İctimai Birliyinin sədri Məhəmməd Vəliyev, Cəmşid Naxçıvanski adına hərbi liseydə Ziya Həsənovun müəllimi olmuş Şakir Əhmədov, şəhid zabitin xidmət etdiyi hərbi birləşmənin komandiri Eldəniz İmaməliyev, Tərtər rayonundan gəlmiş Qarabağ müharibəsi veteranları çıxış edərək şəhidlərimizə Allahdan rəhmət diləyib, onların qanlarının yerdə qalmayacağına, işğal altında olan torpaqlarımızın tezliklə azad ediləcəyinə əminliklərini bildiriblər.

Şəhidin atası Niyazi Həsənov göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Müdafiə Nazirliyinə minnətdarlığını ifadə edib.

Şəhid Ziya Həsənovun ölümündən sonra layiq görüldüyü “Cəmşid Naxçıvanskinin yubiley medalı” onun ailəsinə təqdim olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.