REGİONLAR


Bərdədə yeni üsulla becərilən sarımsaq sahələrində bol məhsul əldə olunub VİDEO

Bərdə, 31 may, Tahir Ağaməmmədov, AZƏRTAC

Faydalı və gəlirli tərəvəz hesab edilən sarımsağın becərilməsinə ölkəmizdə maraq artmaqdadır. Bərdə rayon Soğanverdilər kənd sakini Allahverdi Abdullayev də bu il 9 hektar sahədə sarımsaq bitkisi becərib.

Allahverdi Abdullayev AZƏRTAC-ın müxbiri ilə söhbətində bildirib ki, sarımsağın becərilməsi ilə hələ sovetlər dövründə məşğul olub. Sonrakı illərdə digər tərəvəz bitkiləri becərən fermer təsərrüfatın bu sahəsi gəlirli olduğu üçün yenidən sarımsaq becərmək qərarına gəlib: “Hazırda Azərbaycanda sarımsaq az becərilir, satış qiyməti isə yüksəkdir. Düşündüm ki, yeni becərmə texnologiyasından istifadə etməklə yüksək məhsuldarlıq əldə etmək və gəlir götürmək olar. Odur ki, sentyabr ayında sahələrə sarımsaq əkdik”.

Fermer deyir ki, müasir becərmə texnologiyalarından, tirəyə əkin və damcı suvarma üsulundan istifadə etməklə yüksək məhsuldarlığa nail olub: “Müasir üsulla becərmə bir qədər çox vəsait tələb etsə də, yüksək məhsul almaq mümkündür. Əgər ənənəvi üsulla sarımsaq bir cərgədə əkilirdisə, yeni üsulla iki cərgədə əkilir. Bitkinin suvarılması damcı üsulu ilə həyata keçirilir. Bu zaman suya qənaət edilir, su bitkilər arasında bərabər paylanır, torpaq qaysaqlamır, yumşaq qalır, məhsuldarlıq yüksəlir. Belə ki, ənənəvi yolla becərmə zamanı məhsuldarlıq hər hektardan 9-10 ton olurdusa, yeni üsulla becərmə zamanı hektardan orta hesabla 16 ton sarımsaq götürülür”.

Hazırda sahələrdə sarımsaq yığımı davam edir. Fermer bildirir ki, istehsal olunan məhsul elə sahədə 2-3 manata satılır. Alıcılar sarımsağı birbaşa sahədə alaraq, ölkə daxilindəki bazarlara, həm də Rusiya bazarlarına çıxarırlar.

Təsərrüfatında növbəli əkin sistemi tətbiq edən A.Abdullayev qeyd edib ki, sarımsaq yığımı başa çatdıqdan sonra həmin sahədə yerkökü becərəcək. Fermer həmçinin sarımsaq əkini sahələrini daha da genişləndirməyi, sentyabr ayında 20 hektar sahədə sarımsaq əkməyi nəzərdə tutur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.