REGİONLAR
Bərdədəki su dəyirmanı Bakı şəhərindən də sifarişlər alır VİDEO
Bərdə, 5 mart, Tahir Ağaməmmədov, AZƏRTAC
Tarixən taxılçılığın inkişaf etdiyi Azərbaycanda dən üyütmək üçün su və yel dəyirmanlarından istifadə olunub. XX əsrdə elektriklə işləyən dəyirmanların yaranması onların sıradan çıxması və unudulması ilə nəticələnsə də, ölkəmizdə bu gün də fəaliyyət göstərən su dəyirmanlarına rast gəlmək mümkündür. Belə dəyirmanlardan biri də Bərdə rayonunun Kələntərli kəndindədir.
Dəyirmanın sahibi İsmayıl Əliyev AZƏRTAC-ın müxbiri ilə söhbətində bildirib ki, su dəyirmanını 1990-cı ilin əvvəllərində - elektrikin fasilələrlə verildiyi, əhalinin una ehtiyacı olduğu bir dövrdə yaradıb. Dəyirman enerji sərfiyyatı olmadan, sadəcə su ilə işləyir.
Burada suyun gurluğundan asılı olaraq sutkada 250-300 kiloqram dən üyüdülür. “Hazırda təbii, kəpəkli qara una tələbat artır. Bu undan bişirilən çörək daha dadlı və ətirli olur. Qonşu kəndlərin, ətraf rayonların sakinləri dəyirmanın unundan istifadə edirlər. Hətta Bakı şəhərindən də sifarişlər alırıq. Şəkərli diabetdən, qan təzyiqindən əziyyət çəkən insanlar daha çox müraciət edirlər. Həm əhali tərəfindən gətirilən buğdanı üyüdür, həm də un satışı ilə məşğul oluruq. Unun bir kiloqramını 50 qəpiyə satırıq”, – deyə İsmayıl Əliyev bildirib.