REGİONLAR
Bərdədən olan şəhid hərbçimiz son mənzilə yola salınıb VİDEO
Bərdə, 6 aprel, Tahir Ağaməmmədov, AZƏRTAC
Cəbhənin Füzuli rayonu istiqamətində erməni silahlı qüvvələrinin hücumunun qarşısını alarkən qəhrəmancasına şəhid olan Azərbaycan ordusunun baş leytenantı Həsənov Ziya Niyazi oğlu böyüyüb boya-başa çatdığı Bərdə şəhərində torpağa tapşırılıb.
AZƏRTAC xəbər verir ki, dəfn mərasimində şəhidin doğmaları, Bərdə Rayon İcra Hakimiyyətinin, Müdafiə Nazirliyinin, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin və rayon ictimaiyyətinin nümayəndələri, N saylı hərbi hissənin zabit və əsgərləri, Qarabağ müharibəsi veteranları və gənclər iştirak edib.
Mərasimdə çıxış edən Müdafiə Nazirliyinin nümayəndəsi polkovnik Abdulla Qurbani və Bərdə Rayon İcra Hakimiyyətinin başçısı Vidadi İsayev şəhidin ailəsinə dərin hüznlə başsağlığı verib, Azərbaycan ordusunun son günlər cəbhədə qazandığı uğurlardan bəhs ediblər. Bildirilib ki, torpaqlarımızın müdafiəsi uğrunda şəhid olmuş bütün əsgərlərimizin qisası qüdrətli ordumuz tərəfindən düşməndən alınır.
Mərasimdə müharibə veteranı Gəray Əsədov, şəhidin müəllimi Tofiqə Məmmədova, atası Niyazi Həsənov çıxış edərək, bütün şəhidlərə Allahdan rəhmət diləyib, onların əziz xatirəsinin daim qəlblərdə yaşayacağını bildiriblər.
Minlərlə insanın müşayiəti ilə şəhidin cənazəsi Bərdə Şəhidlər qəbiristanlığında əsgəri ənənələrə uyğun yaylım atəşi altında torpağa tapşırılıb, məzarı üstünə əklil və tər qərənfillər qoyulub. Şəhidin tabutu üzərinə çəkilmiş üçrəngli Azərbaycan bayrağı ailəsinə təqdim edilib.