REGİONLAR
Bərdəli fermer: Düzgün aqrotexniki qulluq nəticəsində tarlalarda məhsuldarlıq yüksəkdir FOTO
Bərdə, 15 sentyabr, Tahir Ağaməmmədov, AZƏRTAC
Sovet dövründə Bərdə pambıqçılıq sahəsində respublikamızın ən qabaqcıl rayonlardan idi. 1981-ci ildə rayonda 28 min hektar pambıq tarlasından 126 min tona yaxın məhsul tədarük edilmişdi. Lakin 1990-cı illərdən başlayaraq bu sahəyə maraq azalmışdır.
Dövlətimizin başçısının tapşırıq və göstərişləri nəticəsində artıq rayonda pambıqçılıq yenidən dirçəlməyə başlayıb. Rayon sakinlərinin pambıqçılıq sahəsində təcrübəsi, bölgədə olan mövcud pambıq emalı zavodlarının potensialı pambıq istehsalını artırmaq üçün stimul yaradır.
Bərdə Rayon İcra Hakimiyyətindən AZƏRTAC-a bildiriblər ki, əgər ötən il rayonda 1162 hektar sahədə pambıq əkilmişdisə, bu il 3003 hektarda “ağ qızıl” becərilib. Gələn il isə 8500 hektarda pambıq əkilməsi nəzərdə tutulub. Rayonun fermerləri pambığı əsasən “MKT İstehsalat Kommersiya” MMC-nin Bərdə filialı və “CTS Aqro” MMC-nin pambıq istehsalı və emalı zavodu ilə müqavilə əsasında becərirlər.
Pambıqçılıqla məşğul olan fermerlər texnikalarla, toxum, gübrə və kimyəvi preparatlarla təmin edilib. Pambığın becərilməsində suvarma, gübrələmə, kultivasiya, zərərverici və xəstəliklərə qarşı mübarizə, ucvurma və sair kimi aqrotexniki tədbirlər vaxtında həyata keçirilib. Hazırda məhsulun itkisiz və tez bir zamanda yığmaq üçün pambığın yarpaqlarının kimyəvi yolla tökdürülməsinə (defoliasiya) başlanılıb. Bəzi ərazilərdə artıq məhsulun əl ilə yığılması həyata keçirilir. Tarlalardan bu günədək 20 tona yaxın məhsul toplanılıb. Pambığın kombaynlarla kütləvi yığımına isə sentyabrın 20-dən sonra başlanılacaq.
Rayonun pambıqçılıq sahəsində ən nümunəvi fermerlərindən olan Xanxanımlı kənd sakini Elman Nərimanov bildirib ki, “MKT İstehsalat Kommersiya” MMC ilə müqavilə əsasında 85 hektarda çiyid becərib: “Düzgün aqrotexniki qulluq nəticəsində tarlalarda məhsuldarlıq yüksəkdir. Hazırda defoliasiya işləri aparılır. Qozaların 70 faizi açıb. Yaxın günlərdə pambıq yığımına başlayacağıq. Hesab edirəm ki, hər hektardan orta hesabla 40 sentner məhsul götürəcəyik. Gələn il isə daha çox sahədə pambıq becərməyi nəzərdə tuturam”.