REGİONLAR
Bərdəli fermer: Yeni üsulla becərmə zamanı hektardan 60 tondan çox yerkökü götürülür VİDEO
Bərdə, 14 sentyabr, Tahir Ağaməmmədov, AZƏRTAC
Bərdənin Soğanverdilər kəndi respublikamızda yerkökü istehsalı ilə tanınır. Bu kəndin əhalisinin 80 faizi yerkökü becərməklə məşğuldur. Hər il 200 hektardan çox sahədə yerkökü becərən kənd sakinlərinin istehsal etdikləri məhsul ölkənin bütün regionlarında, o cümlədən Bakı şəhərində satışa çıxarılır.
İki ildir müasir becərmə texnologiyalarının tətbiqinə başlayan yerkökü istehsalçıları hazırda məhsul yığımını davam etdirirlər.
Soğanverdilər kənd sakini Mahir Rüstəmov AZƏRTAC-ın müxbiri ilə söhbətində deyib ki, tirəyə əkin və damcı suvarma üsulundan, daha məhsuldar toxumlardan istifadə etməklə yüksək məhsuldarlığa nail olublar. Müasir üsulla əkilən yerkökü sahələrini becərmək əvvəlkinə nisbətən daha çox vəsait tələb etsə də, yüksək məhsul almaq mümkündür. Yerkökü toxumu köhnə üsulla sentyabr ayında əkilirdisə, yeni üsulla əkin aprel ayında aparılır. Bitkinin suvarılması damcı üsulu ilə həyata keçirilir. “Bu zaman suya qənaət edilir, su bitkilər arasında bərabər paylanır, torpaq qaysaqlamır, yumşaq qalır, alaq otları azalır. Yerkökünün görünüşü və sağlamlığı daha yaxşı olur, məhsuldarlıq yüksəlir. Əgər ənənəvi yolla becərmə zamanı məhsuldarlıq hər hektardan 20-25 ton olurdusa, yeni üsulla becərmə zamanı hektardan 60 tondan çox yerkökü götürülür”, - deyə M.Rüstəmov bildirib.
Fermer davamlı məhsul istehsalı üçün yerkökünü növbəlilik əsasında becərdiyini deyib: “Mart ayından başlayaraq hər 20 gündən bir 5 hektarda toxum səpirik. Sahənin hamısında eyni vaxtda səpin apardıqda məhsul yığımı və satışı zamanı çətinlik yaranır. Növbəlilik əsasında becərmə bu baxımdan çox əlverişlidir. Avqust ayından başlayaraq mərhələ-mərhələ sahələrdən məhsul çıxarırıq. Məhsul yığımı bu qayda ilə may ayınadək davam edir. Hazırda yerkökünün bir kiloqramı 60-70 qəpiyə satılır”.
M.Rüstəmov bildirib ki, yerkökü istehsalının ən çətin mərhələlərindən biri olan yuyulub təmizlənməni maşınlarla həyata keçirirlər. İndiyə qədər fermerlər yerkökünü kisələrə dolduraraq suyun içində yuyurdular. Yeni avadanlıq isə bu prosesi həm sürətləndirir, həm də daha ucuz başa gətirir. Belə ki, 40 kisə yerkökü yarım saat ərzində yuyulur.
Fermerin fikrincə, yerkökü becərilməsində yeni texnologiyanın tətbiqi nəticəsində bu məhsula olan tələbatın daxili istehsal hesabına ödənilməsi mümkündür.
Qeyd edək ki, vitamin və minerallarla zəngin olan yerkökü müxtəlif xörəklərin və salatların hazırlanmasında, şirə, tərəvəz konservləri və karotin istehsalı üçün istifadə olunur.