REGİONLAR
Bərdəli usta: Tara olan sevgim məni bu sənətə gətirib VİDEO
Bərdə, 30 may, Tahir Ağaməmmədov, AZƏRTAC
“Oxu, tar! Səni kim unudar?” – görkəmli şairimiz Mikayıl Müşfiqin bu sözləri Azərbaycan milli musiqisində tarın tutduğu yeri açıq-aydın göstərir. Bu ecazkar musiqi alətini unudulmağa qoymayan, əsrlərdən bəri qoruyaraq bizə çatdıran ifaçılarla yanaşı, həm də tar ustalarıdır. Belə ustalardan biri ömrünün 30 ilindən çoxunu milli musiqi alətimiz olan tarın düzəldilməsinə həsr etmiş bərdəli sənətkar Nəsib Quliyevdir.
Nəsib Quliyev AZƏRTAC-ın müxbiri ilə söhbətində bildirib ki, uşaq vaxtlarından tara böyük həvəsi olub: “Tara olan sevgim məni bu sənətə gətirib. Həmişə radioda görkəmli tarzənlərimiz Bəhram Mansurovun, Ramiz Quliyevin ifalarını dinləyirdim. Ramiz Quliyevin ifasına o qədər qulaq asmışdım ki, yüz tarın içərisindən onun tarının səsini tanıyırdım. Atam bu musiqi alətinə olan həvəsimi görüb mənə tar almışdı. İlk dəfə tar düzəltməyə 1984-cü ildən başlamışam. Bilmədiklərimi də Şuşadan olan ustalardan öyrənmişəm”.
Tarın hazırlanmasından danışan usta Nəsib bildirib ki, bu alətin çanaq hissəsi tut, qoz, ərik və qarağac ağaclarından olmalıdır. “Ustalar adətən çanaq hissəni tut ağacından düzəltməyə üstünlük verirlər. Lakin 20 il əvvəl çanağını ərik ağacından düzəltdiyim tar daha çox xoşuma gəlir. Çanağı düzəltmək üçün yaşlı ağac seçilir və qış aylarında kəsilir. Ağacın gün düşən hissələrinə üstünlük verilməlidir. Belə ki, çanaq ağacın gün vuran hissəsindən düzəldildikdə tarın səsi daha yaxşı olur. Yonulduqdan sonra ən azı bir il ağac kəpəyinin içərisində qurudulur. Bu ona görədir ki, ağac quruyarkən çatlamasın. Tarın qol hissəsi qoz, kəllə hissəsi fıstıq ağacından hazırlanır. Aşıqları isə armud və qoz ağaclarından düzəldirlər. Aşıqlarla kəllənin eyni materialdan hazırlanması məqsədəuyğun deyil. Çünki tar kökdən düşə bilər”, - deyə o qeyd edib.
Usta deyir ki, tarın qolu çanaq hissədən 1,5 dəfə uzun olmalıdır. Bu alətin xərəkləri qoz ağacı, ebanitdən və sümükdən hazırlanır. Çanağa isə mal ürəyinin pərdəsi çəkilir. Bir tarın düzəldilməsi üçün 63 predmetdən istifadə edilir. Bütün materiallar hazır olduqda tarı bir aya düzəltmək mümkündür. Ümumiyyətlə isə tar bir ildən çox vaxta ərsəyə gəlir.
Sənətkarın dediyinə görə, tarın düzəldilməsi ustadan məsuliyyətli, diqqətli olmağı tələb edir: “Yorğunluq hiss etdinsə, gözün yoruldusa, gərək işi saxlayasan. Kiçik bir səhv alətin korlanmasına səbəb ola bilər. Həmin vaxt bunu hiss etməsən də, ertəsi gün görürsən ki, haradasa səhv olub”.
Nəsib Quliyevin fikrincə, musiqi alətləri düzəldənlər onu ifa etməyi də bacarmalıdır. Usta əgər ifa etməyi, kökləməyi bacarmasa, sənətdə tamlıq olmayacaq, düzəltdiyi tar da yaxşı alınmayacaq: “Bu yaşımda hələ də tarı ifa etməyi öyrənirəm. Yorğun vaxtımda bir az tar çalıram, bütün yorğunluğum çıxır”.
Usta Nəsibin Bərdə ilə yanaşı, qonşu rayonlardan da müştəriləri olur. Tarın qiyməti isə 200-2500 manat arasında dəyişir. “Əvvəllər milli musiqi alətlərinə maraq xeyli azalmışdı. Son dövrlərdə isə dövlətimiz tərəfindən tara, muğama çox yüksək qiymət verilir. Odur ki, bu sahəyə maraq xeyli artıb. Bu isə ən çox tar ifaçılarını və ustaları sevindirir”, – deyə Nəsib Quliyev bildirib.
Tahir Ağaməmmədov
AZƏRTAC-ın müxbiri