REGİONLAR


Bərdəlilər gələn il 16 ton barama istehsal etməyi qarşıya məqsəd qoyublar

Bərdə, 11 avqust, Tahir Ağaməmmədov, AZƏRTAC

Baramaçılığın inkişafı ilə bağlı Prezident İlham Əliyevin verdiyi tapşırıqlar Bərdə rayonunda uğurla icra olunur. Rayon kümçüləri 2016-cı ildə 4500 kiloqram, cari ildə isə ondan 2,8 dəfə çox – 12 min 526 kiloqram barama istehsal ediblər. 2018-ci ildə rayonda 16 ton barama istehsalı proqnozlaşdırılır.

AZƏRTAC xəbər verir ki, bu faktlar Prezident İlham Əliyevin barama, tütün və fındıq istehsalının inkişafı məsələlərinə dair respublika müşavirəsindəki nitqindən irəli gələn vəzifələrin icrası ilə bağlı Bərdə rayonunda keçirilən yığıncaqda səsləndirilib.

Yığıncaqda rayon icra hakimiyyətinin başçısı Vidadi İsayev çıxış edərək, respublika müşavirəsində Prezident İlham Əliyevin nitqindən irəli gələn vəzifələrdən bəhs edib, bu sahədə rayonda görülən işlərdən və qarşıda duran məsələlərdən danışıb. Bildirib ki, rayonda barama istehsalının artırılması üçün tədbirlər görülür. Barama qurdunun yem bazasının gücləndirilməsi məqsədilə rayonun 11 kəndində 60 min 712 tut tingi əkilib, mövcud çəkil ağaclarında budama işləri aparılıb, ağaclara aqrotexniki qaydada xidmət göstərilib. Payız mövsümündə yerli çəkil sortlarından ibarət daha 200 min ting sahələrə köçürüləcək. Hazırda rayon kümçüləri 2018-ci ildə daha yüksək nəticələrə nail olmaq məqsədilə ipəkqurdu bəslənməsinə lazımi şəraitin yaradılması, yem bazasının möhkəmləndirilməsi, tut bağlarına xidmətin yaxşılaşdırılması üçün tədbirlər görürlər.

Tədbirdə çıxış edənlər baramaçılığın, pambıqçılığın inkişafı istiqamətində görülən işlər və qarşıda duran vəzifələrdən danışıb, təkliflər irəli sürüblər. Vurğulanıb ki, bərdəlilər rayonda baramaçılığın, pambıqçılığın inkişaf etdirilməsi, çuğundur əkinlərinin genişləndirilməsi, torpaqların təyinatına uyğun tam istifadə edilməsi, məhsuldarlığın artırılması üçün bütün qüvvələri səfərbər edəcəklər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.