REGİONLAR
Bərdənin daha bir kəndi “mavi yanacaq”la təmin olunub
Bərdə, 31 iyul, Tahir Ağaməmmədov, AZƏRTAC
Bərdə rayonunun təbii qazla təmin olunan yaşayış məntəqələrinin siyahısına Mollalı kəndi də əlavə edilib. 536 abonenti olan kəndin qazlaşdırılması üçün birpilləli sistem əsasında ümumi uzunluğu 86,1 kilometrdən çox olan müxtəlif diametrli daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, mənzillərə sayğac və fərdi tənzimləyici quraşdırılıb.
AZƏRTAC xəbər verir ki, kəndə qazın verilməsi münasibətlə keçirilən mərasimdə rayon ictimaiyyətinin nümayəndələri, “Azəriqaz” İstehsalat Birliyinin təmsilçiləri və kənd sakinləri iştirak ediblər.
Bərdə Rayon İcra Hakimiyyətinin başçısı Vidadi İsayev, Milli Məclisin deputatı Zahid Oruc və başqaları tədbirdə çıxış edərək, sakinləri kəndin “mavi yanacaq”la təmin olunması münasibətilə təbrik edib, ölkəmizdə, o cümlədən Bərdə rayonunda həyata keçirilən sosial layihələrdən, yaşayış məntəqələrinin qazlaşdırılması istiqamətində görülən işlərdən danışıblar.
Bildirilib ki, respublikamızın hər yerində qaz təchizatı sisteminin yenidən qurulması, kənd və qəsəbələrin qazlaşdırılması istiqamətində görülən məqsədyönlü tədbirlər nəticəsində uzun müddət təbii qaz almayan yaşayış məntəqələrinə “mavi yanacağ”ın verilişi bərpa edilir, yeni qaz xətləri çəkilir.
Diqqətə çatdırılıb ki, Bərdə rayonun yaşayış məntəqələrinin qazlaşdırılması başa çatmaq üzrədir. Artıq rayonun 105 yaşayış məntəqəsi təbii qazla təmin olunub. Lənbəran kəndində qaz xətlərinin çəkilişi bu günlərdə yekunlaşacaq. Qalan 4 kəndin qazlaşdırılması üçün isə layihə işləri görülməkdədir.
Sakinlər əhalinin sosial məişət şəraitinin yaxşılaşdırılması, o cümlədən kəndlərin “mavi yanacaq”la təmin olunmasına görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.
Sonda təbii qazın verilməsini bildirən rəmzi məşəl alovlandırılıb.