SİYASƏT
Bərdənin mərkəzi meydanında geniş bayram tədbiri keçirilmişdir VİDEO
Bərdə, 30 dekabr (AZƏRTAC). Bərdə şəhərində 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə geniş bayram tədbiri keçirilmişdir.
AZƏRTAC xəbər verir ki, şəhərin mərkəzi meydanında təşkil olunmuş tədbirdə çıxış edənlər ümummilli lider Heydər Əliyev tərəfindən əsası qoyulan Dünya Azərbaycanlılarının Həmrəylik Gününün tarixindən, Prezident İlham Əliyevin milli həmrəyliyin möhkəmləndirilməsi sahəsində xidmətlərindən, 2013-cü ildə ölkədə və rayonda əldə olunan uğurlardan, sosial-iqtisadi inkişafdan danışmışlar.
Bildirilmişdir ki, yola saldığımız ildə rayonun Mirzalıbəyli və Qurdlar kəndlərində yeni məktəb binalarının, rayon təhsil şöbəsi, əmlak komitəsinin rayon şöbəsi və maliyyə idarəsi üçün inzibati binalarını, uşaq incəsənət məktəbinin, daxili qoşunların Bərdə korpusunun, Həsənqaya kəndi ərazisində məcburi köçkünlər üçün 866 ailəlik qəsəbənin tikintisi başa çatmışdır. Hazırda Tərtər çayının Bərdə şəhəri ərazisindən keçən hissəsində sahilbərkitmə işləri aparılır. Qarabağ müharibəsi əlilləri üçün 36 mənzili kommunal binanın, Əhalinin Sosial Müdafiəsi Mərkəzi üçün inzibati binanın, Gənclər Mərkəzinin, şəhər 7 saylı tam orta məktəbin, Heydər Əliyev adına parkın tikintisi, rayonun tarixi abidələrinin bərpası, kənd yollarının asfaltlaşdırılması, elektrik şəbəkələrinin yenidən qurulması, yaşayış məntəqələrinin qazlaşdırılması davam etdirilir.
Tədbirdə 2013-cü ildə rayonun ictimai-siyasi həyatında, sosial-iqtisadi inkişafında fərqlənənlərə fəxri fərmanlar verilmişdir.
Yeni ilin personajları olan Şaxta baba və Qar qızın, musiqi və rəqs kollektivlərinin rəngarəng çıxışları tədbir iştirakçılarında xoş ovqat yaratmışdır.