REGİONLAR
Bərdənin ümumtəhsil məktəbləri arasında keçirilən futbol turnirinin qalibi məlum olub
Bərdə, 9 may, AZƏRTAC
Bərdə şəhər stadionunda ümummilli lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümü münasibətilə keçirilən futbol turnirində ümumtəhsil məktəblərinin oğlanlardan ibarət komandaları iştirak edib.
AZƏRTAC xəbər verir ki, rayon gənclər və idman idarəsinin təhsil şöbəsi ilə birgə təşkil etdiyi turnirdə əvvəlcə ulu öndər Heydər Əliyevin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Gənclər və idman idarəsinin rəisi Anar Şahbazov və təhsil şöbəsinin metodisti Anar Rəsulov çıxış edərək Ümummilli Liderin idmanın inkişafına göstərdiyi diqqət və qayğıdan, Azərbaycan idmançılarının son illərdə əldə etdikləri nailiyyətlərdən danışıblar.
Gərgin mübarizə şəraitində keçən turnirdə Yeni Əyricə kənd tam orta məktəbin komandası birinci, şəhər 8 nömrəli tam orta məktəbin komandası ikinci, şəhər 4 nömrəli tam orta məktəbin komandası üçüncü yerə layiq görülüb. Qalib komandalar ulu öndər Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə həsr edilən ümumrayon tədbirində diplom və xatirə hədiyyələri ilə mükafatlandırılacaqlar.