DÜNYA
Berlin əfqanların AFR ərazisindən kütləvi şəkildə köçürülməsini dayandırır
Berlin, 9 avqust, AZƏRTAC
Almaniya Daxili İşlər Nazirliyi və ölkənin Xarici İşlər Nazirliyi arasında əldə edilmiş razılaşmaya görə, əfqanıstanlı qaçqınların AFR ərazisindən geriyə, öz vətənlərinə köçürülməsi təcrübəsi yalnız ayrı-ayrı hallarda davam etdiriləcək. Berlinin bu mövqeyi ölkədə təhlükəsizlik sahəsində vəziyyətin federal hakimiyyət orqanları tərəfindən yenidən qiymətləndirilməsi ilə bağlıdır.
“Redaktionsnetzwerk Deutschland” nəşriyyat birliyinin bu gün verdiyi məlumatda bildirilir ki, Almaniya nazirlikləri tərəfindən rəsmən təsdiqlənmiş prosedurda əfqanıstanlı sığınacaq istəyənlərin AFR ərazisindən çıxarılması yalnız müstəsna hallarda tətbiq ediləcək. Əslində həmin qayda qeyri-rəsmi şəkildə bu il may ayından – AFR-in Kabildəki səfirliyinin qarşısında törədilmiş qanlı terror aktından sonra tətbiq olunurdu.
AZƏRTAC xəbər verir ki, bu gün “təhlükəsiz ölkələr” adlandırılan dövlətlərin siyahısında Əfqanıstanın adı yoxdur. Albaniya, Makedoniya, Monteneqro və Serbiyanın daxil edildiyi həmin siyahı bu dövlətlərin AFR-də sığınacaq almaq üçün müraciət etmiş vətəndaşlarının Almaniyadan kütləvi şəkildə köçürülməsi prosedurunu asanlaşdırmağa xidmət edir.
Almaniyanın hakimiyyət orqanları bundan əvvəl Əfqanıstanda təhlükəsiz regionlar olduğunu bildirir və bununla əlaqədar, Almaniyada sığınıcaq verilməsindən imtina edilmiş əfqanların daha fəal şəkildə geri göndərilməsində israr edirdilər.
Vüqar Seyidov
AZƏRTAC-ın xüsusi müxbiri
Berlin