DÜNYA
Berlin ifrat tədbirlər görmək barədə fikirləşir
Berlin, 16 mart, AZƏRTAC
Almaniyanın yetkinlik yaşına çatmış türk mənşəli təxminən 3,5 milyon sakinindən təqribən 1,5 milyonu Türkiyə vətəndaşıdır. Deməli, bu insanlar onların tarixi vətənində konstitusion dəyişikliklər barədə aprelin 16-sına təyin edilmiş referendumda iştirak edə bilərlər. Bu milyon yarım səs həlledici rol oynaya bilər. Ona görə də türkiyəli siyasətçilər Almaniyada yaşayan Türkiyə vətəndaşları ilə görüşlər keçirirlər.
Xatırladaq ki, Türkiyənin xarici işlər nazirinin keçən həftə AFR-dən olan həmkarı ilə görüşdə Berlinə təqdim etdiyi siyahıda martın sonuna qədər Almaniyanın müxtəlif şəhərlərində keçirilməsi planlaşdırılan seçkiqabağı mitinqlərdə Türkiyədən olan siyasətçilərin daha 15 çıxışının siyahısını təqdim edib. Dünən, martın 15-də isə AFR XİN-in rəsmi nümayəndəsi Martin Şefer hökumət səviyyəli mətbuat konfransında bildirib ki, Ankaraya təqdim edilmiş verbal notada Almaniyada 13 seçki məntəqəsi təşkil edilməsinə rəsmi icazə verilməsi göstərilib. AFR-də yaşayan Türkiyə vətəndaşlarına həmin seçki məntəqələrində Türkiyə konstitusiyasında dəyişikliklərə öz münasibətlərini bildirmək imkanı verilməlidir.
KİV-lər yazırlar ki, AFR hökuməti Almaniya mətbuatında “Ərdoğanın emissarları” adlandırılan türkiyəli siyasətçilərin səfərlərinə türklərin AFR tərəfindən arzu edilən reaksiyasına nail ola bilmədiyini və qadağa tədbirlərinin əks effekt verdiyini yəqin edəndən sonra səsvermənin nəticələrinə təsir göstərmək üçün indi ifrat tədbirə əl atmaq – verbal notanı ləğv edərək Türkiyə vətəndaşlarının Almaniya ərazisində referendumda iştirak etmələrinə ümumiyyətlə icazə verməmək niyyətindədir.
Beləliklə, gördüyümüz kimi, “demokratiya” qüvvədədir!
Vüqar Seyidov
AZƏRTAC-ın xüsusi müxbiri
Berlin