DÜNYA
Berlin ultimatumlarla danışmağa başlayır
Berlin, 6 iyun, AZƏRTAC
Almaniya hökuməti bundestaq deputatlarının Türkiyədəki “İncirlik” Hərbi Hava Qüvvələri bazasına buraxılması məsələsi ilə əlaqədar münaqişənin nizamlanması üçün Ankaraya iki həftə vaxt verib. Bu barədə məlumat verən “Spiegel Online” onlayn-nəşri bir məqamı da dəqiqləşdirir ki, əks təqdirdə Almaniyaya məxsus yanacaqdolduran və qırıcı təyyarələrin həmin bazadan çıxarılması barədə sərəncam veriləcək.
“Spiegel Online” yazır ki, federal hökumət təyyarələrin “İncirlik” bazasından çıxarılması barədə qərar qəbul etməzdən əvvəl Türkiyənin hakimiyyət orqanları ilə danışıqlar aparmaq niyyətindədir. Eyni zamanda, qeyd edilir ki, Almaniya Xarici İşlər Nazirliyində, Müdafiə Nazirliyində, yaxud federal kanslerin idarəsində Türkiyə ilə danışıqların bu problemin həlli ilə nəticələnəcəyinə gətirib çıxaracağına ümid etmirlər. Aşkardır ki, Bundestaq qondarma “erməni soyqırımı”nın tanınması barədə qalmaqallı qətnamə qəbul etməklə NATO üzrə özünün müttəfiqi ilə uzunmüddətli qarşıdurma yaranacağını əvvəlcədən bilirdi.
Türkiyənin “İncirlik” bazasında 260 nəfərə yaxın almaniyalı hərbçi yerləşdirilib. Onlar havadan kəşfiyyat aparmaqla və təyyarələrə əlavə yanacaq doldurmaqla “İslam dövləti” qruplaşmasının Suriya və İraqdakı bazalarına havadan zərbələri dəstəkləyirlər.
Bu il mayın ortalarında Ankara AFR Bundestaqı komitəsinin nümayəndə heyətinin “İncirlik” bazasına gəlməsinə icazə verməyib. Elə həmin vaxtdan bu baza ilə əlaqədar Türkiyə ilə Almaniya arasında münaqişə yaranıb. Türkiyə hakimiyyət orqanlarının bu addımından əvvəl Berlin Türkiyədəki uğursuz qiyam cəhdindən sonra bu ölkədən qaçmış qiyamçı hərbi qulluqçulara sığınacaq vermişdi.
Vüqar Seyidov
AZƏRTAC-ın xüsusi müxbiri
Berlin