DÜNYA


Berlin yarmarkasında törədilən terror aktının detalları açıqlanıb

Berlin, 5 yanvar, AZƏRTAC

Almaniya Federal Prokurorluğunun Karlsruye şəhərindəki nümayəndəsi Frauke Köler yanvarın 4-də keçirilən mətbuat konfransında bəzi əlavə təfərrüatları açıqlayıb. Məsələn, onun sözlərinə görə, iki tunisli terror aktından bir gün əvvəl axşam saatlarında Berlinin Mitte rayonu ərazisindəki restoranda görüşərək, süfrə arxasında nəyi isə intensiv müzakirə ediblər. F.Köler əlavə edib ki, Berlin ədliyyə idarəsi Berlində Milad yarmarkasında terror aktı törətmiş Anis Amrinin əlaltısı olmaqda şübhəli bilinən tunislinin həbsi üçün order verib.

Polis tunislini terror aktı ilə bağlı olmayan araşdırma ilə əlaqədar həbs edib. Hüquq-mühafizə orqanları tutulan şəxsin sosial fırıldaqla məşğul olmasından şübhələnirlər. Berlin prokurorluğunun məlumatına görə, o, 2015-ci ilin aprelindən noyabrınadək bir neçə şəhərdə sosial sığınacaq əldə etmək istəyənlər üçün azı iki saxta ad altında sosial yardım alıb. Buna paralel olaraq, Milad yarmarkasında terror aktına onun aidiyyəti olması şübhəsi ilə istintaq tədbirləri davam etdirilir.

Almaniya Federal Prokurorluğunun nümayəndəsi onu da bildirib ki, istintaq 19 dekabr hadisələrinin xronologiyasını və yük maşınının marşrutunu müəyyən edə bilib. F.Kölerin sözlərinə görə, A.Amri günün ikinci yarısında Polşadan gəlmiş yük maşınının dayandığı Fridrix-Krauze-Ufer küçəsində olub. Sonra Perleberger ştrasse küçəsindəki məscidə gedib, qısa müddətdən sonra oradan çıxaraq yük maşını tərəfə gəlib. Sürücüyə atəş açaraq maşını ələ keçirib və təqribən axşam saat səkkizin yarısında yola düşüb.

Maşını bir qədər şəhərdə sürdükdən sonra saat 20:02-də yüksək sürətlə Milad bazarı ərazisinə daxil olub. Terror aktından sonra yaxınlıqdakı Tsoo vağzalının videokamerası “tövhid” rəmzi olaraq yuxarı qaldırdığı şəhadət barmağını obyektivə nümayiş etdirən şəxsi qeydə alıb. Müstəntiqlər onun Anis Amri olduğunu tanıyıblar.

Bu arada İtaliya polisi Anis Amrinin Milan ətrafında təqibdən qaçarkən atəş açdığı tapançanın ballistik ekspertizasını başa çatdırıb. Ekspertlərin qənaətinə görə, polşalı sürücünün başına məhz həmin silahdan atəş açılıb. Onun cəsədi dekabrın 19-da Berlində Braytşaydplatts meydanında Milad bazarında insanların üzərinə çırpılan yük maşınının kabinəsindən tapılıb.

Vüqar Seyidov

AZƏRTAC-ın xüsusi müxbiri

Berlin

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.