QAN YADDAŞI
Berlində Xocalı qurbanlarının xatirəsinə həsr olunmuş sərgi keçirilib
Bakı, 26 fevral, AZƏRTAC
Berlinin ən məşhur sərgi qalereyalarından biri olan “Galerie Schultz”da Xocalı soyqırımının qurbanlarına həsr olunmuş sərgi keçirilib. Sərgi Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən “Xocalıya ədalət!” beynəlxalq təbliğat-təşviqat kampaniyası çərçivəsində Avropa Azərbaycan Cəmiyyətinin (TEAS) Berlin nümayəndəliyi tərəfindən təşkil olunub.
TEAS-dan AZƏRTAC-a bildiriblər ki, sərgidə tanınmış Azərbaycan rəssamı Əşrəf Heybətovun Xocalı soyqırımına aid yeni əsərləri nümayiş etdirilib. 1981-ci ildən peşəkar fəaliyyətdə olan bu rəssamın əl işləri NATO-nun Brüsseldəki, BMT-nin isə Cenevrədəki qərargahlarında, eləcə də Vatikanda sərgilənib. O, beynəlxalq anlaşmanın möhkəmlənməsi üçün öz sənətindən yararlanaraq əsərlərində azərbaycanlı ruhunu əks etdirməsi ilə məşhurdur.
Sərgidə vurğulanıb ki, bu soyqırımı 25 il əvvəl, yəni, 1992-ci il fevralın 26-da baş verib. Xocalı soyqırımı yaddaşlarda Dağlıq Qarabağ münaqişəsinin ən dəhşətli hadisəsi kimi qalıb. Öldürülənlər arasında 106 qadın, 63 uşaq və 70 qoca var. BMT Təhlükəsizlik Şurasının məlum qətnamələrinə məhəl qoymayan Ermənistan hazırda Azərbaycanın Dağlıq Qarabağ bölgəsini və ona bitişik yeddi rayonunu işğal altında saxlamaqda davam edir. Azərbaycanın bir milyona yaxın əhalisi isə düşərgələrdə qaçqın və məcburi köçkün həyatını yaşamağa məhkum olunub.
Sərginin açılışında 300-dən artıq qonaq, həmçinin Azərbaycanın Almaniyadakı fövqəladə və səlahiyyətli səfiri Ramin Həsənov, bu ölkənin tanınmış ictimai-siyasi xadimləri, Azərbaycan diasporunun fəalları iştirak ediblər.
TEAS-ın sədri Tale Heydərov qonaqlara müraciət edərək deyib: “Bu tədbir Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın təşəbbüsü ilə aparılan “Xocalıya ədalət!” beynəlxalq kampaniyası çərçivəsində keçirilir. 2008-ci ildən etibarən keçirilən bu kampaniya regionda ədalətin bərqərar edilməsi yolunda apardığı işlərdə böyük beynəlxalq dəstək qazanıb. İndiyədək bu kampaniya Avropa, Amerika, Asiya və Afrikadakı 100-dən artıq ölkədə tədbirlər təşkil edib. Avropa Azərbaycan Cəmiyyəti öz tədbirlərini Afina, Bern, Brüssel, London, Lüksemburq, Paris, Praqa, Sofiya və Vilnüs şəhərlərində keçirir.
Bugünkü tədbirimiz isə Berlində təşkil olunub. Azərbaycanın Almaniyadakı səfiri Ramin Həsənov, professor Heintze və sənəti ilə bizi bir araya gətirən Əşrəf Heybətovu sizin kimi dəyərli qonaqlarla bir yerdə görmək və salamlamaq mənim üçün çox xoşdur. Əşrəf Heybətov kimi böyük rəssamın beynəlxalq səviyyəli qalereyaçı cənab Şultzla apardığı iş birliyi 25 il əvvəl baş vermiş Xocalı soyqırımına və ata-baba yurduna dönmək arzusu ilə yaşayan qaçqın və məcburi köçkünlərin talelərinə bir daha işıq saldı”.