QAN YADDAŞI
Berlində Xocalı soyqırımının 25-ci ildönümü münasibətilə növbəti müzakirələr aparılıb
Berlin, 26 fevral, AZƏRTAC
Almaniyada Xocalı soyqırımının 25-ci ildönümünə həsr olunmuş silsilə tədbirlər çərçivəsində növbəti müzakirələr Berlindəki Türk Alman Sahibkarlar Birliyinin ofisində Türk-Azərbaycan Birliyi və Atatürkçü Düşüncə Dərnəyi tərəfindən təşkil olunub.
Azərbaycanın Almaniyadakı səfiri Ramin Həsənov tədbirdə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsindən, Azərbaycan xalqının qan yaddaşında Xocalı soyqırımının yerindən bəhs edib. Diplomat Azərbaycan və türk diasporlarının Qarabağ həqiqətlərinin dünyada tanıdılması işində rolunu vurğulayıb və onların gələcəkdə bu istiqamətdə fəaliyyətlərinin əlaqələndirilməsinin vacibliyini qeyd edib.
Türkiyə Respublikasının Almaniyadakı səfirinin birinci müşaviri Nuray İnöntəpə çıxış edərək Türkiyə Xarici İşlər Nazirliyinin Xocalı soyqırımına dair verdiyi bəyanatı səsləndirib. N.İnöntəpə Xocalı soyqırımını insanlığa qarşı törədilmiş cinayət adlandırıb.
Tədbirdə azərbaycanlı yazıçı və publisist Səriyə Cəfərovanın müəllifi olduğu Xocalı soyqırımının qurbanları haqqında “Onlar daha böyüməyəcəklər” filmi, eləcə də kinematoqraf Məsud Pənahinin rəhbərliyi ilə Almaniyada çəkilmiş Xocalı soyqırımına dair cizgi filmi nümayiş etdirilib. Xocalı soyqırımının canlı şahidi olan S.Cəfərova həmin hadisələrdən olan acı xatirələrini tədbir iştirakçıları ilə bölüşüb.
Tədbirdə Türkiyənin Berlindəki baş Konsulu Mustafa Çəlik, Türk-Azərbaycan Birliyinin rəhbəri, Bundestaqın keçmiş deputatı Hakkı Kəskin, Türk Alman Sahibkarlar Birliyinin rəhbəri Bahəddin Kaya, Azərbaycanın Almaniyadakı səfirliyinin əməkdaşları, Azərbaycan və türk diasporlarının təmsilçiləri iştirak ediblər.
Vüqar Seyidov
AZƏRTAC-ın xüsusi müxbiri
Berlin