SİYASƏT
Berlində azərbaycanlı məcburi köçkünlərə həsr olunan sərgi açılıb
Berlində tanınmış ABŞ fotojurnalisti Ed Kaşinin azərbaycanlı qaçqın və məcburi köçkünlərə həsr olunan “Yerinə yetirilməmiş arzular: Azərbaycanın qaçqın və məcburi köçkünləri” adlı sərgisinin açılışı olub. Sərgi Avropa Azərbaycan Cəmiyyətinin (TEAS) Almaniyadakı nümayəndəliyi tərəfindən təşkil edilib.
TEAS-dan AZƏRTAC-a bildirilib ki, fotoşəkillər qaçqın və məcburi köçkünlərin üzləşdikləri çətinlikləri əks etdirir, eyni zamanda, insan ruhunun möhkəmliyini və ümidlərin qırılmazlığını göstərir.
Müəllif Ed Kaşi bildirib ki, 20 ildən artıqdır erməni işğalından əziyyət çəkən bu insanları taleyin ümidinə buraxmaq olmaz. O deyib: “Dünyada ən çox məcburi köçkün Azərbaycandadır. Öz peşə fəaliyyətim vasitəsilə mən bu insanların dərdinə şərik çıxmış oluram. Bu gün əsərlərimi Berlində təqdim etməkdən qürur duyuram”.
AAC-ın Almaniyadakı ofisinin direktoru Şahin Namati-Nassab deyib ki, erməni silahlı qüvvələri tərəfindən zorla torpaqlarından çıxarılmış bir milyondan artıq qaçqın və məcburi köçkünün taleyinə biganə yanaşılmamalıdır. Bəzən müharibə, qaçqın və məcburi köçkün problemini uzaqdan başa düşmək o qədər də asan olmur. İnsan faciəsini çox zaman incəsənət vasitəsilə dərk etmək daha asan olur. O, sərgiyə böyük marağın olmasından məmnunluğunu ifadə edib.
Xatırladaq ki, Ed Kaşi öz layihəsi ilə əlaqədar 2013-cü ilin iyun ayında Azərbaycanda səfərdə olub. Onun səfər zamanı çəkdiyi fotolardan ibarət sərgi Berlindən əvvəl Londonda və Parisdə təşkil edilib. Bu layihə Ed Kaşi və TEAS tərəfindən birgə təsis olunmuş “VII Foto” Agentliyi tərəfindən dəstək alıb. Həmin agentliyin məqsədi siyasət, iqtisadiyyat, mədəniyyət sahələrində Avropa–Azərbaycan əlaqələrini inkişaf etdirməkdir.