QAN YADDAŞI


Berlində keçirilən tədbirdə 20 Yanvar qurbanlarının xatirəsi yad olunub

A+ A

Berlin, 21 yanvar, AZƏRTAC

Berlində Azərbaycan Evinin və Alman-Azərbaycan Ziyalılar Birliyinin təşkilatçılığı, eləcə də Azərbaycanın Almaniyadakı səfirliyinin dəstəyi ilə 20 Yanvar faciəsinin 27-cü ildönümü ilə əlaqədar tədbir keçirilib.

Əvvəlcə 20 Yanvar şəhidlərinin xatirəsi birdəqiqəlik sükutla yad edilib və Azərbaycanın Dövlət Himni səsləndirilib.

Azərbaycanın Almaniyadakı səfiri Ramin Həsənov çıxış edərək 20 Yanvar faciəsini tarixi və hüquqi-siyasi aspektlərdən təhlil edib. Səfir 20 Yanvar hadisələrinin Azərbaycan xalqının qan yaddaşında oynadığı faciəvi rolu vurğulamaqla bərabər, həmin hadisələri Azərbaycan milli azadlıq hərəkatında qəhrəmanlıq salnaməsi adlandırıb. Ramin Həsənov bildirib ki, Sovet İttifaqı rəhbərliyinin Dağlıq Qarabağda erməni separatçılığı və azərbaycanlıların Ermənistandan qovulması hallarına göz yummasına etiraz edən, eləcə də öz milli hüquqlarını tələb edən dinc əhalinin etiraz səsi silah gücünə susdurulmağa çalışılsa da, Azərbaycan xalqı həmin dövrdə birlik və qətiyyət nümayiş etdirib, nəticədə dövlət müstəqilliyinin bərpasına nail olub.

Səfir bu gün Azərbaycanın müstəqil siyasət yürütdüyünü vurğulayıb. Əsası ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulmuş daxili və xarici siyasi kursun uğurla həyata keçirilməsi nəticəsində ölkəmizin əldə etdiyi nailiyyətlərdən danışıb.

Ermənistanın hərbi təcavüzünə toxunan səfir Azərbaycan xalqının dövlətimizin ərazi bütövlüyünün təmin olunması üçün Prezident İlham Əliyevin ətrafında sıx birləşdiyini bildirib.

Ramin Həsənov qeyd edib ki, xalqımız 20 Yanvar şəhidlərini hər zaman qürur və ehtiramla anır, Azərbaycanın müstəqilliyi və suverenliyinin müdafiəsini şəhidlərin ruhu qarşısında özünün əsas mənəvi borcu hesab edir.

Daha sonra Almaniyadakı Türk-Azərbaycan Birliyinin rəhbəri, Almaniya Bundestaqının keçmiş deputatı Hakkı Kəskin və şairə Şərifə Cəfəriyyə çıxış ediblər.

Sonda 20 Yanvar hadisələrini nümayiş etdirən videoçarxlar nümayiş etdirilib.

Almaniyada yaşayan Azərbaycan diasporunun nümayəndələrinin, Almaniyanın elmi və ictimai dairələrinin təmsilçilərinin, Almaniyada təhsil alan azərbaycanlı tələbələrin və gənc tədqiqatçıların, səfirliyin əməkdaşlarının iştirak etdikləri tədbirdə şəhidlərin ruhuna ehsan süfrəsi açılıb.

Vüqar Seyidov

AZƏRTAC-ın xüsusi müxbiri

Berlin

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.